Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müstəqil mətbuatın öncüllərindən olan dissident jurnalist... - Dostları Ağamalı Sadiq Əfəndini yad etdilər

Beynəlxalq Mətbuat Mərkəzində çağdaş Azərbaycan ədəbiyyatının nümayəndələrindən, müstəqil mətbuatın yaradıcılarından, azadlıq hərəkatının öncüllərindən biri olmuş dissident jurnalist Ağamalı Sadiq Əfəndinin 70 illik yubiley mərasimi keçirildi.

Yeniçağ.az xəbər verir ki, tədbirdə ictimai şəxslər, şair və yazıçılar mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq Ağamalı Sadiq Əfəndinin həyat və yaradıcılığından bəhs edən video-material təqdim olundu. Daha sonra tədbir iştirakçıları çıxış edərək, onunla bağlı xatirələrini bölüşdülər.

Sabiq millət vəkili, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı çıxışı zamanı Xalq hərəkatı dönəmində Ağamalı Sadiq Əfəndi ilə yaşadıqlarından bəhs etdi:

“Ağamalı “Müxalifət” qəzetində işlədiyi dövrdə Azərbaycan müxalifətinin siması olub. Ağamalı Sadiq təkcə şair deyildi o, həm də filosof idi. Onun bütün şeirləri o dövrün ruhudur. Şeirləri ilə o, meydan lideri idi. Ağamalı həm də sufi ruhunu qoruyub saxlayırdı. Lakin onun sufiliyi XIII-XIV əsrlərdə ilişib qalmamışdı. Şeirləri XX yüz illiyin problemləri ilə səsləşirdi. Çox böyük səmimiyyət vardı onun şeirlərində. Nə qədər ki, Azərbaycanda şeir, söz yaşayırsa Ağamalı Sadiq də yaşayacaq. Allah ona rəhmət eləsin. Ancaq istəyirəm ki, çıxışımızda çox da “rəhmət eləsin” ifadəsini işlətməyək. Ağamalı Sadiq Əfəndi bu gün də bizim üçün yaşayır”.

İsa Qəmbər isə Ağamalı Sadiqi özünə ən yaxın dostlardan bildiyini qeyd etdi:

“ Onunla demək olar ki, hər gün görüşürdük. Ağamalı Sadiq Əfəndi barəsində həqiqətlər deyilməlidir. Əminəm ki, Ağamalı Sadiq Azərbaycanın ən dəyərli şairlərindən və vətəndaşlarından biridir. O, müdhiş istedada malik idi. Sadiq Əfəndi ən çətin həqiqətləri deməkdən heç zaman çəkinməyib. Ağamalı Sadiq Əfəndi öz mübarizəsini hər zaman aparıb. Onun sözü ilə əməli bir idi…”

Daha sonra digər tədbir iştirakçıları çıxış edərək, Ağamalı Sadiq Əfəndi ilə bağlı fikirlərini bölüşdülər.

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə

Loading...

www.yenicag.az

555