Müttəhimlər kürsüsündə Səfərli-Həsənov-Mehdiyev TRİOSU? – “Bunun baş verəcəyinə inanmaq…” – Zərdüşt Əlizadə
“Həmin şəxslər öz çaplarına görə digər məmurlardan fərqlənirlər və yuxarılarla hələ də müəyyən bağlılıqları var”.
Bu fikirləri ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru, hazırda məhkəməsi davam edən Vüqar Səfərlinin öz ifadələrində adlarını hallandırdığı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə prezidentin keçmiş köməkçisi Əli Həsənovun da cinayət məsuliyyətinə cəlb olunmaları ehtimalını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevlə Əli Həsənovun “KİVDF işi” üzrə məsuliyyətə cəlb ediləcəkləri inandırıcı deyil:
“Yox, çətin. Mən o adamların məsuliyyətə cəlb ediləcəklərini gözləmirəm. Niyə? Ona görə ki, bu şəxslər öz çaplarına görə digər məmurlardan fərqlənirlər və yuxarılarla hələ də müəyyən bağlılıqları var. Bu səbəbdən, onlara toxunmayacaqlar.
Praktika da göstərir ki, müttəhimlər kürsüsünə daha aşağı ranqlı adamları əyləşdirirlər. Lap bir neçə nazirlikdə olduğu kimi…
Ümumiyyətlə, bu kimi məsələlərdə Azərbaycan cəmiyyətinə nə vaxt hesabat verilib? Belə şey olub? Bu qədər vəsait talandı, nəyinsə hesabatı verildi? Vəzifədəki oğrular bu dövlətin malını talan etməkdədirlər. Buna görə bir cavab verirlər? Digər tərəfdən, cəmiyyət də soruşmur axı… Soruşanı da “demaqoq” adı ilə damğalayırlar”.
A.Zeynalov