Müxalifətin mitinqinə aksiya öncəsi reaksiyalar…
Elşən Musayev: “Milli Şura adında qurum bu gün ancaq kağız üzərindədir, onun say hesabı…”
Gözəl Bayramova: “Möhtəşəm bir mitinqin şahidi olacağıq”
Bu gün 30-da Milli Şura özünün növbəti etiraz mitinqini keçirəcək. Yenicag.az olaraq, mitinq, onun hansı effekt verdiyi haqqında siyasilərin fikirlərini öyrəndik.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Yenicag.az-a açıqlamasında bu mitinqin də əvvəlki aksiyalardan kəmiyyət və keyfiyyət baxımından fərqlənməyəcəyini dedi:
“Milli Şuranın bu günə qədər keçirilən mitinqləri hər zaman hansı keyfiyyətdə, say hesabı ilə hansı civarda olubsa, növbəti mitinqdə də bundan artığını gözləmirik. Onların proqramı, ideologiyası, məramı bəllidir. Sadəcə olaraq, burada artıq məsələ bir tək Milli Şuranın mitinqi ilə, yəni ənənəvi, şablon estafet xarakterli mitinqlə dəyərləndirmək düz olmazdı. Qarşıdan Avropa Oyunları gəlir. Onlar bir şəkildə özlərini gözə soxmaq, Azərbaycanın adını qaea dəftərə salmaq niyyəti güdürlər. Ehtimal var ki, xarici qüvvələrin də bu aksiyada marağı olsun. Azərbaycana qarşı dayanmadan piap aparan müəyyən bəlli dairələrin də arzuları həndəvərindədir ki, mitinqə gələnlərin say hesabı artıq olsun, gələn və gələcək turistlərin gözü qorxudulsun. Azərbaycan müxalifətinin gücünə gəldikdə, zənnimcə artıq bunu təhlil etməyə ehtiyac yoxdur. Çünki, Milli Şura adında qurum bu gün ancaq kağız üzərindədir, onun say hesabı da Əli Kərimli, Cəmil Həsənli və onların yaxın həndəvəri, qohum-əqrabasından o yana keçmir. Aksiyadan nəticə gözləmirik”.
AXCP sədrinin müavini Gözəl Bayramova isə ciddi bir aksiyaya hazırlaşdıqları qənaətindədir:
“Ümid edirəm ki, sabah möhtəşəm bir mitinqin şahidi olacağıq. Mitinqə hazırlıq işləri yüksək səviyyədə görülüb. Bundan öncə baş tutan aksiyalarda gələn insanların sayının daim artdığı müşahidə edilirdi. Mayın 19-da binada baş verən dəhşətli hadisədən sonra, hakimiyyətin ancaq aşağı ranqlı adamları həbs etməsi, prosesə cavabdeh olan yuraxı çinlilərin isə həmişə olduğu kimi sudan quru çıxmaları, geniş əhali kütləsi arasında bu iqtidara olan inamı daha da sarsıdıb. Getdikcə daha çox insan Əliyev hakimiyyətinə inanmır. Bu amil də sabahkı mitinqə insanlar arasında marağın artmasına düşünürəm ki, təkan verəcək”.
ELÇİN