Naqif Həmzəyev: “PKK-nın silah buraxması Türkiyənin qətiyyətli siyasətinin nəticəsidir”
Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev PKK terror təşkilatının silah buraxması ilə bağlı prosesi şərh edib. O, bu addımı Türkiyənin uzun illər apardığı terrorla mübarizənin məntiqi nəticəsi kimi qiymətləndirib.
Yenicag.az xəbər verir ki, millət vəkili Türkiyənin “gdh” platformasına açıqlamasında bildirib ki, Türkiyə uzun müddətdir terrorun acı nəticələri ilə üzləşib və bu prosesdə xarici qüvvələr bölgədə fitnə toxumları səpməyə çalışıblar:
“Türkiyəni parçalamağa yönəlmiş planlar puç oldu. PKK-nın silah buraxması gec də olsa, bir anlayışın nəticəsidir. Bu, terror təşkilatının özünün də bu fitnə layihələrinin bir hissəsi olduğunu anladığını göstərir”.
Deputat qeyd edib ki, bu inkişaf Orta Şərq və Qafqazda sülhə və sabitliyə töhfə verəcək:
“Türkiyənin barış və təhlükəsizlik istiqamətindəki səyləri artıq nəticə verir. Bu da həm region, həm də Azərbaycanın maraqları baxımından mühüm əhəmiyyət daşıyır”.
N. Həmzəyev xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalının apardığı siyasətin bu nöqtəyə çatmaqda mühüm rol oynadığını vurğulayıb:
“Bu siyasətlər öz bəhrəsini verdi. Artıq Türkiyə daha güclüdür. Güclü Türkiyə isə eyni zamanda güclü Azərbaycan deməkdir. Biz bu gücdən yalnız məmnun ola bilərik və bu həmrəyliyi davam etdirəcəyik”.