Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik tərkibli çətənə bitkisi əkib-becərməkdə və satmaqda təqsirləndirilən Şakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yenicag.az-ın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Ş.Məmədov özünü təqsirli bilməyib. O bildirib ki, müharibədə kontuziya alıb və narkotik maddələri özü istifadə etmək üçün əkib: “Mənə yaxşı təsir edirdi, ancaq özüm müalicə məqsədilə istifadə edirdim. Heç kimə narkotik satmamışam. Mənim həyətimdə 250 ədəd kol olmayıb. Uzağı 30-35 ədəd olub”.
Prosesdə ifadə verən şahid Əhmədov Elnur bildirib ki, Abşeron rayon Polis İdarəsinin əməliyyatçısıdır. O deyib ki, daxil olmuş məlumat əsasında Şakir Məmmədovun həyətinə baxış keçirilib və külli miqdarda narkotik vasitə aşkarlanıb.
Təqsirləndirilən bildirib ki, saxlanan zaman polislər ona fiziki zor tətbiq edib. Şahid bunu təkzib edib.
Hadisə yerinə mütəxəssis kimi cəlb edilən aqronom da şahid qismində ifadə verib. O bildirib ki, Ş.Məmədovun həyətinə polis baxış keçirilən zaman narkotik bitkilər aşkarlanıb.
Proses oktyabrın 28-də davam etdiriləcək.
Qeyd edək ki, bu ilin iyun ayında Abşeronda fərdi yaşayış evinin həyətyanı sahəsində külli miqdarda narkotik maddə aşkar edilib.
Gecə saatlarında Masazırda keçirilən əməliyyat zamanı Şakir Məmmədov maddi sübutlarla saxlanılaraq istintaqa təhvil verilib.
Belə ki, Abşeron rayon Polis İdarəsinin əməkdaşları məlumat əsasında Masazır kəndində Şakir Məmmədovun fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçiriblər. Əməliyyat zamanı aqrotexniki qaydada becərilmiş yüzlərlə narkotik vasitə hesab edilən çətənə kolları aşkar edilib.
Əməliyyat zamanı ərazidən 250-dən çox çətənə kolu çıxarılıb. Şakir Məmmədovun yaşadığı evə baxış keçirilən zaman orada qurudulmuş halda külli miqdarda narkotik maddə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Ona Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin satışı) və 2373.2-ci (külli miqdarda narkotik vasitələri əkib becərmə) maddələri ilə ittiham verilib.
www.yenicag.az