NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi, kontr-admiral Bülent Turan Azərbaycan Müdafiə Nazirliyinin saytına müsahibə verib.
Yenicag.az həmin müsahibəni təqdim edir:
– Söhbətimizin əvvəlində “NATO Günləri”nin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün faydasının nədən ibarət olduğu haqda fikirlərinizi bildirməyinizi istərdik. “NATO Günləri”nin Azərbaycanda keçirilməsinin ölkəmizə faydaları nələrdir?
– İlk növbədə mən və nümayəndə heyətim Azərbaycanda qarşılanmaqdan böyük məmnunluq duyduğumuzu bildirmək istərdim. Mən düşünürəm ki, Azərbaycanda “NATO günləri” böyük əhəmiyyət kəsb edir. Qeyd olunan tədbir zamanı biz bir neçə təşkilatları və hərbi müəssisələri ziyarət etdik. Mənimlə birlikdə səfərdə olan nümayəndə heyətinin tərkibində bir neçə ölkənin və NATO-nun qərargah zabitləri iştirak edirdi. Bu nümayəndə heyəti ilə birlikdə qarşılıqlı olaraq biz azərbaycanlı həmkarlarımızla təcrübə, məlumat və fikir mübadiləsi apardıq. Bu səbəbdən düşünürəm ki, bu tədbir bir neçə fəaliyyətlərin ardı kimi də davam etdirilə bilər. Bu il Azərbaycanda icra olunmuş 11-ci NATO günlərini əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl platforma hesab edirəm.
– Azərbaycan Respublikası Müdafiə Nazirliyi və müəssisələri tərəfindən tədbirə göstərilən marağı necə qiymətləndirirsiniz?
– Azərbaycan tərəfinin NATO günlərinə və eyni zamanda NATO ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərə göstərilən diqqəti çox yüksək qiymətləndirir və bundan böyük məmnunluq hissi keçirdiyimizi qeyd etmək istərdim. Məhz bu səbəbdən Azərbaycanın NATO ilə əməkdaşlıqda daha fəal və konstruktiv mövqe nümayiş etdirən tərəfdaş ölkələrdən oluğunu düşünürük. Tədbir zamanı ziyarət etdiyimiz müəssisələrdə hərbi qulluqçuların ünvanladığı suallar və auditoriyanın təqdimatlar zamanı diqqət və fəallıq nümayiş etdirməsinin bunun əyani sübutu olduğunu düşünürəm. Həqiqətən də bu tədbirə olan maraq bizləri həddindən artıq məmnun etdi.
– Sizin daha bir fikrinizi öyrənmək bizim üçün maraqlı olardı. Azərbacan-NATO əməkdaşlığı nə dərəcədə əhəmiyyətlidir?
– Əslində vurğulamaq istərdim ki, bu il Azərbaycanın NATO ilə əməkdaşlığının 25 illiyi tamam olub. Bu məqam isə öz növbəsində uzun bir zamanı ehtiva edir. Müşahidələrim göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir. Biz Azərbaycanı NATO-nun müxtəlif əməliyyatlarında, Tərəfdaşlığın Qərargah Vəzifəsi Zabiti olaraq müxtəlif NATO qərargahlarına töhfə verməsində, eləcə də Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində fəal tərəfdaş ölkə olaraq görməkdəyik. Bu səbəbdən Azərbaycan NATO üçün önəmli və eyni zamanda əhəmiyyətli tərəfdaşlardan hesab edilir.
– Cənab kontr-admiral söhbətimizin bu əsnasında sizə daha bir sual ünvanlamaq istəyirəm. Bu tədbirin müxtəlif müəssisələrdə təşkil edilməsi NATO ilə hərbi əməkdaşlığa hansı töhfəni verir?
– NATO-nun perspektivi baxımından qiymətləndirsək onu vurğulamaq lazımdır ki, əməkdaşlıq sadəcə məlumat mübadiləsi ilə kifayətlənmir. Tərəfdaşların əldə etdiyi dəyərli təcrübələrin öyrənilməsi və paylaşılması da NATO üçün böyük əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində qarşılıqlı faydalanmanı, necə deyərlər hər iki tərəf üçün “qazanclı əməkdaşlığı” özündə ehtiva edir. Beləliklə də, inanıram ki, rəhbərlik etdiyim nümayəndə heyəti azərbaycanlı həmkarlarımızdan çox dəyərli biliklər və təcrübələr əldə edib. Buna görə də bu tədbirin eyni zamanda NATO üçün də böyük əhəmiyyət kəsb etdiyinə əminəm.
– Mövcud əməkdaşlığı daha da inkişaf etdirmək və yaxud yeni əməkdaşlıq imkanlarını araşdırmaq istədiyiniz sahələr varmı?
– Baxmayaraq ki, Azərbaycan fəal və eyni zamanda konstruktiv əməkdaşlıq nümayiş etdirir, fəaliyyət proqramı çərçivəsində ziyarətlərimiz əsnasında bir neçə inkişaf etdirilməsi mümkün olan sahələri də müşahidə etdik. Müşahidələrimiz ona əsas verir ki, bu inkişaf tempini qoruyub saxlamaq və eyni zamanda daha irəli getmək əhəmiyyətlidir. Biz də öz növbəmizdə qərargahlarımıza geri döndükdən sonra müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərimizi genişləndirmək niyyətindəyik. Xüsusilə təlim üzrə və qərargah vəzifələrində də irəliləyişə ehtiyac olduğunu vurğulamaq istərdim. Mən bununla sadəcə bu sahələri deyil, eyni zamanda mümkün olabiləcək digər sahələrdə də inkişaf perspektivlərini nəzərdən keçirəcəyimizi düşünürəm.
Son beş gün ərzində biz Azərbaycanda icra olunan illik “NATO Günləri”ndə iştirak etdik. Qeyd etmək istərdim ki, bu mənim Azərbaycana ilk səfərim idi. Əslində vurğulamaq istərdim ki, ali rütbəli bir türk zabiti olaraq Azərbaycana ziyarətim xoş bir təsadüf hesab edilə bilər. Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir. Sadəcə xatırlatmaq yerinə düşər ki, hamımızın da bildiyi kimi Azərbaycan NATO-nun müxtəlif əməliyyatlarına önəmli şəkildə töhfə verən ölkələrdəndir. Vaxtilə NATO-nun Kosovadakı sülhməramlı əməliyyatlarında və hazırda da NATO-nun Əfqanıstanda icra etdiyi “Qətiyyətli Dəstək” Missiyasına töhfə verən fəal tərəfdaş ölkələrdən biridir. Bununla belə, inanıram ki, qısa müddət ərzində Azərbaycan NATO-nun İraq Missiyasına da öz töhfəsini verən ölkələrdən olacaqdır. Eyni zamanda bildirmək istərdim ki, səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsini müşahidə etməyimiz Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyətli və güclü olduğundan xəbər verir.
– Çox sağ olun cənab kontr-admiral. Verdiyiniz dəyərli və ətraflı məlumatlara görə təşəkkürümüzü bildiririk.
– Mən də təşəkkür edirəm. Çox sağ olun!
www.yenicag.az