!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Naxçıvan mətbuatında bir ilk

!Reklam – Yazi

imageİyunun 17-də “naxcivanxeberleri.com” saytının yeni ofisinin açılış mərasimi olub.

Əvvəlcə saytın fəaliyyəti haqqında mərasim iştirakçılarına saytın təsisçisi və baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov elektron lövhə vasitəsilə geniş məlumat verib. Bildirilib ki, saytda “rəsmi xronika, mədəniyyət, siyasət, tariximiz-keçmişimiz, qan yaddaşı, köşə yazıları, təhsil, hərbi” adlı link-bölmələr mövcuddur. Həmin bölmələrdə Naxçıvanla bağlı, eləcə də ictimaiyyəti maraqlandıran vacib xəbərlər, məqalə və şərhlər öz əksini tapmaqdadır. Vurğulanıb ki, saytdakı hər hansı bir xəbəri və ya məqaləni oxuyan hər bir kəs həmin xəbəri və ya məqaləni sosial şəbəkələrdə paylaşa bilər.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respubliasındakı Baş Konsulluğunun konsulu Əhməd Özkan, “Xəzər” televiziyasının redaktoru və xeberoxu.com saytının rəhbəri Aqşin Kamal, AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyev, saytın köşə yazarlarından Elxan Yurdoğlu, Nərgiz İsmayılova, Elsevər Məmmədov və saytın daimi izləyicisi, Bakı şəhərində müəllimə işləyən və məxsusi olaraq saytın açılışına gəlmiş Elnarə Fətullazadə çıxış ediblər. Çıxışlarda “naxcivanxeberleri.com” saytının xəbər saytı kimi uğurlu fəaliyyətindən, Naxçıvanla bağlı hadisələrin operativ olaraq izləyicilərə çatdırılmasındakı peşəkar işgüzarlığından və sayta köşə yazıları kimi təqdim olunan məqalələrin aktuallığından bəhs edilib. Bildirilib ki, sayt birillik fəaliyyəti dövründə ölkədə mövcud olan 600-ə yaxın xəbər saytları içərisində ilk yüzlüyə düşməyi bacarıb. Əlbəttə ki, bu, etibarlı, dəqiq və operativ fəaliyyətin nəticəsidir. Artıq “naxcivanxeberleri.com” xəbər saytı ölkədə fəaliyyət göstərən digər xəbər saytları üçün etibarlı və operativ istinad ediləcək xəbər saytı kimi tanınmaqdadır.

“Naxcivanxeberleri.com” xəbər saytı haqqında
Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələri (KİV) sırasına yeni bir ad əlavə olundu: “naxcivanxeberleri.com” saytı. Artıq 1 ildir ki, bu sayt fəaliyyət göstərir. Naxçıvanda həyata keçirilən ictimai-siyasi, sosial-mədəni, elmi-kütləvi tədbirləri, baş verən hadisələri düzgün, qərəzsiz və operativ şəkildə işıqlandırmağı qarşısına məqsəd qoyan bu sayt kifayət qədər izləyici kütləsi toplaya bilib. Sayta 103 ölkədən 600 mindən çox izləyicinin müraciət etməsi onu göstərir ki, saytımıza və qədim diyarımıza maraq böyükdür.

“naxcivanxeberleri.com” saytı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müstəqil xəbər saytıdır. Hal-hazırda Naxçıvan Muxtar Respublikasında bir sıra kütləvi informasiya vasitələri mövcuddur: Naxçıvan Dövlət Televiziyası, “Şərq qapısı” qəzeti, “AZƏRTAC”-ın Naxçıvan bürosu, “Kanal 35” televiziyası, Naxçıvan Dövlət Radiosu, “Naxçıvanın səsi” radiosu, rayonlarda işıq üzü görən qəzetlər və digər elmi jurnallar muxtar respublikanın ictimai-siyasi həyatını, elmi-mədəni nüfuzunu həm sakinlərimizə, həm də sərhədlərimizdən kənarda çatdırmaqla uğurla təbliğ edirlər. Belə olan halda bu saytın yaranmasına səbəb nə idi? Ümumiyyətlə, saytın yaradılmasında məqsəd nə idi?

Məlum olduğu kimi, son dövrlərdə elektron kütləvi informsiya vasitələri qəzet və jurnalları operativlik baxımından qabaqlamaqdadırlar. Belə ki, qəzet və jurnallar sonrakı gün üçün nəşr olunursa, xəbər saytları isə baş vermiş hadisə haqqında dərhal, çox az müddət sonra ictimaiyyətə xəbər vermək imkanına malikdir. Naxçıvanda fəaliyyət göstərən KİV-lər daha çox lokal xarakter daşıyır. “Şərq qapısı” qəzeti və AZƏRTAC-ın Naxçıvan bürosu istisna olmaqla, digərlərinin internetə çıxışları olmadığı üçün Naxçıvandan kənarda yaşayan insanlar burda baş verən hadisələr haqqında vaxtında məlumat ala bilmirlər. Bütün bunları nəzərə alaraq, muxtar respublikada operativ fəaliyyət göstərə bilən bir xəbər saytının fəaliyyətə başlamasını məqsədəuyğun hesab etdik. Və 1 il bundan əvvəl – 2015-ci il iyun ayının 15-də “naxcivanxeberleri.com” adlı xəbər saytı fəaliyyətə başladı.

XXI əsr məhz informasiya və texnologiya əsridir. Bu əsrdə informasiyanın sürətlə və dəqiq ictimaiyyətə çatdırılması dövfrün ən aktual məsələlərindəndir. Bu baxımdan internet üzərindən təqdimetmə daha operativ vasitə hesab olunur. Muxtar respublika ilə bağlı, eləcə də ictimaiyyəti maraqlandıran vacib informasiyanın operativ surətdə və dəqiq formada daha geniş oxucu kütləsinə təqdim edilməsi kimi böyük və məsuliyyətli bir funksiyanı “naxcivanxeberleri.com” xəbər saytı fəaliyyətə başladığı gündən bu günə kimi layiqincə yerinə yetirməyə çalışıb.

Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında 440 mindən çox sakin yaşayır. Azərbaycanın əsas hissəsi ilə torpaq əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində yaşamasına baxmayaraq, bütün sahələrin inkişafı baxımından heç də Azərbaycanın digər regionlarından geri qalmır. Naxçıvan Muxtar Respublikasının blokada şəraitində yaşayaraq inkişaf etdiyini ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib. Bu qədim diyar 1990-1993-cü illərdə dəfələrlə düşmən hücumuna məruz qalsa da, qəhrəman övladlarının dəyanəti və mübarizliyi sayəsində bir qarış torpağını belə düşmənə verməyib.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində misli görünməmiş uğurlara imza atıldı, yüksək nailiyyətlər əldə olundu. Qeyd etmək yerinə düşər ki, ermənilər Naxçıvan adında bir neçə sayt yaradaraq, bu torpaqların onlara məxsus olması haqqında yalan məlumatlar yaymaqdadırlar. Belə olan təqdirdə niyə biz qədim tarixə malik əzəli və əbədi torpağımız olan Naxçıvanımızı dünyaya tanıdaraq bu ərazinin əzəli sahibinin biz Azərbaycan vətəndaşları olduğunu təbliğ etməyək?

“naxcivanxeberleri.com” saytı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını, burada həyata keçirilən hərbi-quruculuq tədbirlərini, regionun mədəni həyatını, elmi mühiti və digər sahələr haqqında geniş məlumatları oxuculara çatdırmaqdır. Məqsədimiz Naxçıvan Muxtar Respublikasında həyata keçirilən mütərəqqi tədbirlər haqqında məlumatları Azərbaycanda yaşayan əhalimizə, həmçinin dünyada yaşayan həmyerlilərimizə və dünya ictimaiyyətinə dəqiq, operativ və dolğun şəkildə çatdırmaq, həmçnin qədim diyarın tarixindən, mədəniyyətindən və regionda mövcud olan təbii sərvətlərin faydalarından bəhs edən məqalələri təqdim etməkdir.

Bu saytda verilən məlumatların sosial şəbəkələr vasitəsi ilə istifadəçilərə çatdırılması imkan verir ki, daha çox izləyici saytda paylaşılmış məlumatlardan xəbərdar olsun. Bu məqsədlə “facebook.com” sosial şəbəkəsində üzvlərinin sayı 40 min nəfərdən çox olan “Naxcivan xeberleri.com” qrupu və izləyicilərinin sayı 9000 nəfərdən çox olan “Naxcivan xeberleri.az – Naxcivan news” səhifəsi fəaliyyət göstərir.

Naxçıvanda və ondan kənarda yaşayan naxçıvanlılar və Naxçıvan Muxtar Respublikası haqqında məlumat əldə etmək istəyən insanlar başqa-başqa saytlardan deyil, məhz bir saytdan – “naxcıvanxeberleri.com” saytından dəqiq və dolğun məlumatlar əldə edə bilirlər. Naxçıvan Muxtar Respublikası haqqında məlumat əldə etmək istəyənlər bu ünvandan operativ məlumatlar əldə edə bilirlər: “naxcivanxeberleri.com”.

COP29

www.yenicag.az

944
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv