Gənclər və İdman Nazirliyi “İlin yekunları”na dair tədbir keçirib. Tədbirdə 2022-ci ilin ən yaxşıları mükafatlandırılıb.
İdman federasiyaları və feysbukda keçirilən sorğuda ilin ən yaxşı məşqçiləri nominasiyasında 3 nəfər fərqlənib. “Qarabağ”la avrokuboklarda uğurlu nəticələr əldə edən Qurban Qurbanov, Avropa çempionu olan yunan-Roma güləşi üzrə millinin çalışdırıcısı Aleksandr Tarakanovla yanaşı bədii gimnastika yığmasının məşqçisi Siyana Vasileva da seçilənlər arasında yer alıb.
“Qafqazinfo” xəbər verir ki, Siyana Vasilevanın mükafata layiq görülməsindən sonra kimliyi barədə sosial şəbəkələrdə müzakirələr aparılıb. Məlum olub ki, o, gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır.
Qeyd edək ki, nazir müavininin qızının ən yaxşı məşqçilər siyahısında yer alması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Vasilevanın 26 yaşı var. Siyana 2 il öncə keçirilən yarışlarda aldığı zədədən sonra idmançı karyerasını başa vurub. Bundan sonra isə o, məşqçiliyə başlayıb. Qrup hərəkətləri üzrə milli komandanın çalışdırıcısı olub və hazırda da buna davam edir.
Onun rəhbərliyi altında komanda Bolqarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
Həmçinin komanda İsrailin Təl-Əviv şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında çoxnövçülük yarışlarında bürünc medala layiq görülüb.
www.yenicag.az