Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı bildirib ki, uzun müddət Azərbaycanda gənclərin böyük əksəriyyətinin düşüncəsində həyatda uğurlu olmaq üçün vacib olan üç əsas amil arasında təhsil olmayıb.
Yenicag.az xəbər verir ki, nazirin bu yanaşması ilə bağlı iqtisadçı Rövşən Ağayev öz fikirlərini bölüşüb.
O, qeyd edib ki, gənclərin təhsilə marağının artması üçün bir sıra addımlar atılsa da, uzunmüddətli vədədə meritokratik sistemin oturuşması real görünmür:
“Gənc nazirimiz 30 ilik itirilmiş zamana, itirilmiş ömürlərə, enerjiyə, əldən buraxılmış fürsətlərə rəğmən gələcək 30 il üçün nikbindir. Nikbinliyin səbəbi nə imiş? Cənclər arasında təhsilin önəmini artırmağa yönəlmiş önəmli addımlar atılır. Məsələn, hər il “Yüksəliş” müsabiqəsi keçirilir və bilikli gənclər yüksək maddi təminat və iş şəraitilə vəzifələrə aparılır.
Nazir hesab edir ki, bu mexanizmlər uzunmüddətli vədədə meritokratik sistemin oturuşmasına, nəticədə gənclərin təhsilə olan həvəs və marağını artıracaq. Lakin meritokratiya məsələsi sual altındadır. Çünki meritokratiya yalnız bilik və bacarıqlara əsaslanan idarəçilik üsuludur. Azərbaycan reallığında isə bilik və bacarıqdan savayı sədaqət də çox önəmlidir. Ən bilikli və bacarıqlı şəxsin siyasi sistemə sədaqətindən kiçicik bir şübhə ona layiq olduğu heç bir işi tapmağa imkan verməz. Meritokratik sistemdə məmurlar üçün siyasi partiyalar, yüksək post tutan şəxslər gəldi-gedərdi. Onlar yalnız təlimatla üzərinə düşən vəzifələri icra etməyə mükəlləfdirlər. Qısası, işin içərisinə sədaqət qarışdıqda, bunun adı nədirsə, meritokratiya olmur”.
Gülşən Şərif
www.yenicag.az