“Əslində, aparıcı media quruluşlarının Qarabağla, ümumiyyətlə, son 34 ildə Azərbaycanla Ermənistan arasında yaşanan münaqişə, onun tarixi ilə bağlı qeyri-obyektiv, birtərəfli, hətta bəzi hallarda da qərəzli yanaşmaları yeni hal deyil. Belə media quruluşlarının arasında, peşəkarlığı və xəbərçilikdə standartları ilə hər zaman örnək model yaratdığı bildirilən BBC də, təəssüf ki, var”.
Bu fikirləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu sosial media hesabında yazıb.
O qeyd edib ki, BBC-yə məxsus saytda Qarabağda məskunlaşmış bir erməni sakininin “acılar və məşəqqətlərlə” dolu “məhrumiyyətlərə sarılmış” həyat hekayələrinə tez-tez rast gələ bilərik:
“Amma kim deyə bilər ki, Qarabağdan qaçqın düşmüş, yaxınlarını itirmiş, ölümün və dəhşətin pəncəsindən zorla qurtulmuş bir azərbaycanlının həyat hekayəsinə də orada yer verilib?
Məsələ bundadır ki, beynəlxalq jurnalistikanın ən başlıca standartı hadisəyə hərtərəfli və obyektiv baxışı təmin etmək üçün tərəflərin hər birinə eyni qaydada yer ayırmaqdır. Bizə yer ayırırlarmı? Xeyr! Elə son müzakirəsi gedən verilişdə də Qarabağın erməni icmasının nümayəndəsi olaraq sırınan separatçı və xaricdə öz köşəsində oturub “miatsum” fantaziyalarından ekstaza gələn bir daşnak diaspora nümayəndəsinə yer ayırmaq əvəzinə, qonaq kimi Qarabağdan bir azərbaycanlının çağırılması daha peşəkar olmazdımı? Axı jurnalistikanın peşəkarlıq meyarı bunu tələb edir.
Və ya verilişdə “Arsax” ifadəsini ön plana çıxartmaqla faktiki olaraq beynəlxalq hüququn subyekti olmayan və heç bir ölkə, o cümlədən də Ermənistanın özü tərəfindən tanınmayan, dünyanın heç bir rəsmi xəritəsində yer almayan, yəni faktiki olaraq mövcud olmayan, separatçı, bölücü ideyanın xəstə məhsulunu leqallaşdırmaq nə dərəcədə doğrudur? Beynəlxalq jurnalistikada əsas prinsiplərdən biri həm də beynəlxalq hüququn aliliyini gözləməkdir. Gözlənildimi? Xeyr!
Halbuki, 16 dekabr 1952-ci ildə UNESCO Ali Assambleyasının 403- cü toplantısında qəbul edilmiş 635-ci qətnaməsinə əsasən hazırlanmış “İnformasiya sahəsində çalışanlar üçün Beynəlxalq etik normalar kodeksi”nin 4-cü maddəsində bildirilir ki, “beynəlxalq arenada baş verən proseslər barədə məlumatlar hazırlayan jurnalist həmin ölkələr barədə dolğun məlumatlara malik olmalıdır ki, dəqiq və obyektiv material hazırlaya bilsin”. 1978-ci il noyabr ayının 28-də UNESCO üzvü olan dövlətlər tərəfindən qəbul edilmiş və 11 maddədən ibarət “KİV-in sülhün və beynəlxalq əlaqələrin gücləndirilməsinə, insan hüquqlarının inkişafına və irqçilik, aparteid rejimləri, müharibə əleyhinə fəaliyyətinə toxunan başlıca prinsiplər barədə Deklarasiya”da birmənalı şəkildə vurğulanır ki, “Fikir azadlığına hörmət etmək məqsədilə KİV müxtəlif tərəflərə öz səhifələrində yer verməlidir”. Və ya 1993-cü ildə Avropa Şurası Parlament Assambleyasının 1003 nömrəli Jurnalist etikasına dair qətnaməsində “Münaqişəli situasiyalar və xüsusi müdafiə tələb edən hallar” bölümündə qeyd edilən prinsiplər niyə yada düşmür? Hələ mən 1993-cü ildə Avropa Şurası Parlament Assambleyasının jurnalist etikasına dair qəbul etdiyi beş maddədən və dörd tövsiyədən ibarət 1215 nömrəli sənədi demirəm. Orada açır şəkildə yazılıb: “KİV-də informasiyaların neytrallığı, fikir plüralizmi” qorunmalıdır.
Və son sualım: Nə oldu BBC standartları?”
www.yenicag.az