Naxçıvanda itkin düşərək meyiti aşkarlanan hərbçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir.
Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumay yayıb.
Bildirilib ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Ceyhun Tofiq oğlu Hüseynovun meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır”, – deyə məlumatda qeyd olunub.
www.yenicag.az