Nəsiminin məzarı Azərbaycana gətirilsin, yoxsa türbəsi üzərində bayrağımız dalğalansın? - Aqil Ələsgər yazır

media-hightechnic-468x90

Yeni müzakirə mövzumuz İmadəddin Nəsiminin məzarının Azərbaycana gətirilib-gətirilməməsidir. Onun nəşinin Azərbaycana gətirilmə ehtimalı harada dəfn olunacağı müzakirəsini də bərabərində gətirdi. Təbii ki, ilk ağla gələn yer Şamaxıdır. Çünki uca xalqımız tarixi kitablardan deyil, filmlərdən öyrəndiyi üçün Rasim Balayevin oynadığı “Nəsimi” Şamaxıda Şirvanşah İbrahimi isə ‘‘atışdığından’’ oralı sayırlar. Ancaq filmdə Şamaxıdan Naxçıvana – Əlincə Qalasına hansı sürətlə getdiyinə əhəmiyyət verilmir.

Ancaq tarixi qaynaqlar nə deyir? Doğrudanmı hürufilərin piri Şamaxıda anadan olub? “Vikipediya”ya baxanda, rəhmətliyin orada bir-iki deyil, azı beş doğum yeri “var”. Bu barədə ən mötəbər qaynaqlardan olan İbn Həcər əl-Əskalani Nəsiminin Təbrizdə, Aşıq Çələbi Diyarbəkirdə, bir çox fars mənbələri Şiraz və ya Şamaxıda, Osmanlı qaynaqları isə Bağdadda doğulduğunu iddia edirlər. Bu qaynaqlar içərisində ən mötəbəri və Nəsiminin müasiri olan əl-Əskalani onun haqqında yazarkən “Nəsimüddin ət-Təbrizi” deyə bəhs edər. Bəzi tarixçilər isə bunun səbəbinin Nəsiminin Təbrizdə Fəzlullah Nəiminin müridi olaraq parlamasını əsas göstərirlər.

Yəni Azərbaycanın sovet alimlərindən fərqli olaraq, Nəsiminin müasirləri arasında Şamaxıda anadan olması iddiasını dəstəkləyənlər azlıq təşkil edirlər. Ancaq Azərbaycan tarixçiləri onun yekdilliklə şamaxılı olmasında israr edirlər. Əsas kimi qardaşı Şah Xəndanın Şamaxıda dəfn olunduğunu göstərirlər. Şaxəndan qəbristanlığı Azərbaycanın ən qədim qəbristanlığından biri olsa da, Şah Xəndanın orada dəfn olunması isə rəvayətdir.

Ayrıca, Şamaxı xaric, Təbriz, Bağdad və Diyarbəkir o dönəmdə Azərbaycan dövləti Ağqoyunlulara aid idi. Yəni şairin Şamaxıda anadan olub-olmaması Azərbaycan şairi olmaması anlamına gəlmir. Necə ki İraq ərazisində doğulan Məhəmməd Füzuli Azərbaycan şairidir, eləcə də Bağdadda belə doğulsa, Nəsimi Azərbaycana məxsusdur, eləcə də türkmana. Çünki türk xalqları arasında Azərbaycan türklərinə ən yaxın olan məhz türkmanlardır. Həm İraq, həm Suriya türkmanları Azərbaycan türkləri kimi Oğuz boyuna aiddirlər.

Və türk toplumunda məşhur qənaət “Harada məzarımız varsa, bizim torpağımızdır” düşüncəsidir. Yəni Hələb qədim türk, türkman, oğuz, Azərbaycan torpağıdır. Nəsiminin Hələbdə uyuması o torpaqla aramızda bir körpü qurur. Suriya türkmanları da onu özlərinin bilirlər. Məncə, ortaq tarix və ortaq gələcək üçün Nəsiminin məzarı Hələbdə qalmalı, üzərində isə üç rəngli bayrağımız dalğalanmalıdır…

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa