Nikahda REKORD AZALMA: Subaylıq sultanlıqdır, yoxsa...
Statistik məlumata görə, iyul ayından bəri nikahların sayı iki dəfə azalıb. Bunun bir səbəbi qohum evliliklərinin qadağası ilə əlaqələndirilir. Lakin digər amillərin də olduğu əsas gətirilir.
Mövzu ilə bağlı Yenicag.az-a danışan psixoloq Ülviyyə Murtuzova gənclər arasında son vaxtlar evliliyə marağın azalmasının əsas səbəblərini açıqlayıb.
O, nikah sayının faiz göstəricisinin aşağı düşməsinin birinci səbəbini qohum evliliklərinə qoyulan qadağa ilə əlaqələndirsə də, digər vacib amilin insanın özünü evliliyə hazır hiss etməməsində görür:
“Qohum evliliklərinin qadağası bir çox ciddi genetik xəstəliklərin qarşısının alınması baxımından da çox böyük rol əhəmiyyət daşıyır. Qərar qüvvəyə mindiyi gündən nikahların faiz göstəricisinin azalması birbaşa bu qadağa ilə bağlıdır. Görün, nə qohum evliliklərin qarşısı alındı? Bu, həddən artıq böyük göstəricidir. Eyni zamanda digər vacib məqamlardan biri də özünü evliliyə hazır hiss etməməkdir. Bir çox insanlar evliliyə hazır deyil. Evlənmək və dünyaya övlad gətirmək üçün insan özünü hazır hiss etməlidir. Yəni “mən bu məsuliyyəti daşıyacaq gücə sahibəmsə, evlənməli və dünyaya övlad gətirməliyəm” deyə insan özünə sual verməlidir. Eləcə də qadınlar özlərinə sual verməlidir ki, mən ailə qurmağa, ana olmağa, övladıma baxa biləcək gücdəyəm? Ailənin məsuliyyətini daşımağa hazıram? Söhbət həm fiziki, həm mənəvi gücdən gedir. Bu suala cavab tapmadan evlilik qərarı vermək ən böyük yanlışlıqdır”.
Psixoloq “sosial şəbəkələrdə qurulan ünsiyyət və tanışlıqlar evlilik sayının azalmasına gətirib çıxara bilərmi” sualını da cavablandırıb:
“Bu müvəqqəti xarakter daşıya bilər. Yoxsa ki, sosial şəbəkələrdə kimlərlə isə tanışlıq, ünsiyyəti təmin etmək evlilik fikrini dəyişdirə bilməz. Bəzən deyirlər ki, özünü azad hiss etmək üçün insanlar evlilikdən qaçırlar, belə deyil. İnsanlar öz ayağı üstündə duraraq, ailəli olaraq, dünyaya övlad gətirərək də azaddır. Azadlıq hansısa məsuliyyətdən qaçmaqla ölçülmür. Bu, əlbəttə ki, insanın dünyagörüşünə, zəkasına, intellektinin inkişafına bağlı bir məsələdir”.
Cəvahir