Niyə Naxçıvan hədəf seçildi?: Molla rejiminin köhnə erməni taktikasından istifadəsinin PƏRDƏARXASI

media-hightechnic-468x90

İran Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına dron zərbəsinin endirilməsi regionda ciddi narahatlıq doğuran hadisələrdən biri kimi qiymətləndirilir. Bu hadisə təkcə hərbi təxribat deyil, həm də molla rejiminin illərdir nümayiş etdirdiyi riyakarlıq və nankorluq siyasətinin növbəti təzahürü kimi dəyərləndirilir.

media-banner_tkm

Azərbaycan uzun illərdir qonşuluq münasibətlərinə sadiq qalan, regionda sabitlik və əməkdaşlığı dəstəkləyən dövlət kimi çıxış edib. Buna baxmayaraq, İranın Naxçıvana qarşı belə bir addım atması rəsmi Tehranın real niyyətlərini açıq şəkildə göstərir.

Azərbaycan heç vaxt öz ərazisindən İran və ya başqa bir dövlət üçün təhlükə yaratmayıb. Rəsmi Bakı daim regionda qarşılıqlı hörmət və qonşuluq prinsiplərinə əsaslanan siyasət yürüdüb. Hətta İranın çətin anlarında belə Azərbaycan tərəfi humanist mövqe nümayiş etdirib. İranın ali dini liderinin ölümü ilə bağlı Azərbaycan Prezidenti dərhal başsağlığı vermiş, İran səfirliyini ziyarət etmiş və humanitar yardım göndərilməsi də gündəmə gətirilmişdi. Bu addımlar Azərbaycanın münasibətlərdə səmimi və prinsipial mövqe tutduğunu göstərirdi.

Lakin molla rejiminin davranışı bunun tam əksini göstərir. Naxçıvan ərazisində mülki obyektin, vətəndaşların istifadə etdiyi hava limanının hədəf alınması beynəlxalq hüquq baxımından da ciddi pozuntu hesab olunur. Mülki infrastruktura qarşı belə bir hücum yalnız siyasi təxribat deyil, eyni zamanda dinc əhaliyə qarşı yönəlmiş terror aktı kimi də qiymətləndirilə bilər. Bu addım İran hakimiyyətinin regionda məsuliyyətsiz və aqressiv siyasət apardığını bir daha ortaya qoyur.

Hava limanı niyə hədəf seçildi?

Hadisənin ən diqqətçəkən tərəflərindən biri də hücumun məhz Naxçıvan Hava Limanını hədəf almasıdır. Analitiklər hesab edirlər ki, bu seçim təsadüfi deyil və arxasında konkret strateji hesab dayanır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi yoxdur. Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvanın ölkənin əsas hissəsi ilə əsas əlaqəsi hava nəqliyyatı vasitəsilə təmin olunur.

Bu baxımdan hava limanı Naxçıvanın Azərbaycanla əlaqəsini təmin edən əsas logistika və nəqliyyat qovşağı hesab edilir. İran tərəfi də məhz bu reallığı nəzərə alaraq hava limanını hədəf seçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni zəiflətmək və ya tamamilə kəsmək niyyətində ola bilər. Belə bir taktika region üçün yeni deyil.

1990-cı illərdə Ermənistan da eyni metodu tətbiq edib. Həmin dövrdə Naxçıvanın kommunikasiya xətlərinə təzyiq göstərmək və bölgəni mümkün qədər izolyasiya vəziyyətinə salmaq Ermənistanın istifadə etdiyi əsas strategiyalardan biri idi. İndi isə İranın həmin metordan nümunə götürərək istifadə etməsi regiondakı təhlükəli tendensiyaların davam etdiyini göstərir.

Molla rejiminin aciz addımı

Mülki infrastruktura qarşı dron hücumu təşkil etmək hərbi güc nümayişi deyil, əksinə acizlik və qorxaqlıq əlaməti kimi qiymətləndirilir. Güclü dövlətlər hərbi hədəflərlə üz-üzə gəlir, mülki obyektləri hədəfə almaq isə daha çox siyasi təxribat və qorxu yaratmaq məqsədi daşıyır.

Analitiklər hesab edirlər ki, İranın bu addımı həm də ölkə daxilində baş verən proseslərlə bağlıdır. Hazırda İran daxilində ciddi siyasi və sosial gərginlik mövcuddur və hakimiyyət müxtəlif problemlərlə üzləşib. Belə bir dövrdə İranda Azərbaycan əleyhinə mövqeyi ilə tanınan radikal molla dairələrinin daha aqressiv addımlar atdığı müşahidə olunur. İranın başı daxili problemlərə qarışdığı bir vaxtda belə dairələrin Azərbaycana qarşı təxribatlardan əl çəkməməsi bu qüvvələrin ideoloji düşmənçilik xəttini davam etdirdiyini göstərir.

Tarix isə göstərir ki, Azərbaycana qarşı təcavüz edənlər gec-tez peşman olublar. Azərbaycanın dövlətçilik iradəsi, siyasi mövqeyi və hərbi potensialı bu cür təxribatların cavabsız qalmayacağını göstərir. İran da bu qorxaq addımının nəticələri ilə üzləşə biləcəyini anlamalıdır.

Cənubi Azərbaycanda milli oyanış məsələsi

Regiondakı hadisələr fonunda İranda yaşayan milyonlarla azərbaycanlının vəziyyəti də yenidən diqqət mərkəzinə gəlir. Uzun illərdir molla rejimi Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın milli hüquqlarını, ana dilində təhsil imkanlarını məhdudlaşdırıb və milli fəallara qarşı müxtəlif repressiya tədbirləri tətbiq edib.

Azərbaycanlı fəalların həbs olunması, milli kimliyin ifadə olunmasına qoyulan məhdudiyyətlər və mədəni hüquqların sistemli şəkildə pozulması İran daxilində ciddi narazılıq yaradıb. Bu səbəbdən də bir çox analitiklər hesab edirlər ki, İran daxilində baş verən proseslər Cənubi Azərbaycanda milli oyanışın güclənməsi üçün yeni şərait yarada bilər.

Soydaşlarımızın öz hüquqları uğrunda mübarizəsi və milli kimliklərini qorumaq istiqamətində atdıqları addımlar artıq daha açıq şəkildə görünməyə başlayıb. Bu baxımdan regionda baş verən hadisələr Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların da taleyinə təsir edə biləcək yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Tarix göstərir ki, xalqların hüquqlarını uzun müddət boğmaq mümkün deyil. Bu gün İranda azərbaycanlılara qarşı tətbiq edilən təzyiqlər və haqsızlıqlar da gec-tez öz siyasi nəticəsini verəcək. Bir çox müşahidəçilər hesab edirlər ki, molla rejiminin apardığı bu siyasət həm regionda gərginliyi artırır, həm də onun özünün siyasi gələcəyini sual altına qoyur.

“Yeni Çağ” Təhlil Qrupu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05