Növbəti mitinq, alınan qərarlar və şüarlar – Qarabağ komitəsi mitinqə necə hazırlaşır?

Qarabağ Komitəsinin bu gün keçirilən iclasında növbəti Qarabağ mitinqi ilə bağlı qərar qəbul edilib.

Komitə 24 noyabr 2018-ci ildə növbəti mitinq keçirəcək.

Qarabağ Komitəsinin müzakirələrində İsgəndər Həmidov, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Akif Nağı, Tural Abbaslı, Aydın Şükür, Əvəz Zeynallı, Sahib Musayev, Şakir Abbas, İlqar Əli, Rəşid Nazim, Yusif Süleymanlı, Əlövsət Sadıqlı, Rövşən Məmmədli, Həsən Həsənov və digərləri iştirak ediblər.

Mitinq qərarı, səsləndiriləcək şüarlar və digər məsələlərlə bağlı Qarabağ Komitəsinin üzvü, Ağ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamalar verib.

Tural Abbaslı bildirib ki, bu gün Qarabağ Komitəsinə daxil olan bütün partiyalar, siyasətçilər və Qarabağ qaziləri müzakirədə iştirak edib:

“Yeni qatılan isə ötən mitinqdə də bizə dəstək verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev oldu. Qarabağ Komitəsi bütün partiyalara mitinqin vaxtı, yeri və şüarları barədə müzakirələrə qatılmaq üçün dəvət göndərmişdi. Bu dəvətə yalnız Elşad Musayev cavab verərək bugünkü müzakirələrə qatıldı. Digər partiyalar çağırışa rəsmi cavab vermədilər. Dolayısı ilə dəvətə gəlmədikləri üçün biz bunu “yox” cavabı kimi qəbul etdik.

Qarabağ Komitəsinin üzvləri ilə birgə müzakirə apardıq və qərara gəldik ki, noyabr ayının 24-də, Məhsul stadionunda mitinq keçirilsin. 17 noyabrda həm bayram olduğu, həm də başqa siyasi qüvvələr mitinq təyin etdiyi üçün ilkin razılıq olaraq 24 noyabr tarixi seçildi. Növbəti iclasda mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcək. Şüarlar dəyişmədi, “Qarabağa azadlıq”, “Qarabağda anti-terror əməliyyatı keçirilsin” kimi şüarların səsləndirilməsinə qərar verildi”.

Ötən mitinqdə siyasi şüarların səsləndirilməsi ilə bağlı narazılıqlara gəldikdə isə Tural Abbaslı qeyd edib ki, bu məsələyə iqtidar-müxalifət savaşı kimi baxılmasının əleyhinədirlər:

“Çalışırıq ki, bu məsələyə müxalifətin güc göstərisi kimi baxılmasın. İstəyirik ki, beynəlxaq ictimaiyyət və Azərbaycan hakimiyyəti xalqın Qarabağ məsələsindəki iradəsini görsün”.

Mitinqlə bağlı təbliğata gəldikdə isə, Ağ Partiya sədri deyib ki, ötən mitinqdə olduğu kimi, yenə məcburi köçkünlərin yaşadığı yerlərə gediləcək və onlarla söhbətlər aparılacaq:

“Mitinqə icazə verilməyənə qədər açıq şəkildə və kütləvi təbliğatın aparılması insanları təhlükə altına qoya bilər. Təbliğat aparılacaq, ancaq açıq yox, qapalı şəkildə ediləcək ki, əlavə represiyalara bəhanə verilməsin. Sosial şəbəkələrdə və mətbuat vasitələri ilə təbliğat aparılacaq. Ötən mitinq göstərdi ki, bu metod da uğurludur”.

Qeyd edək ki, Qarabağ Komitəsinin ilk mitinqi 29 sentyabr 2018-ci ildə Məhsul stadionunda keçirilmişdi.

Səxavət Məmməd