Növbəti qiymət artımı DALĞASI: “Bu cür gerizəkalı əsaslandırma ola bilməz” – Partiya sədrindən SƏRT ETİRAZ

“Qiymət artımı ilə birgə dialoqla ortaq məxrəc tapmağa çalışan siyasi kəsimin mövqeləri zəifləyir, daha radikal danışan düşürgənin mövqeləri möhkəmlənir”.

Bunu qiymət artımına münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı bildirib ki, istənilən qiymət artımının əlyehinədir:

“Azərbaycanın hazırkı vəziyyətində, əhalinin gəlirlərinin minimum olduğu vaxtda, bir tərfdən pandemiya, bir tərəfdən müharibə…  sosial vəziyyət çox ağırdır. Bu dönəmdə vətəndaşları əlavə komunal xərclərlə yükləmək qətiyyən faydalı deyil, əksinə, ziyanlıdır. Bu, sosial gərginlik yaradır. Qarabağ müharibəsi dövründə cücərməyə başlayan milli birliyə böyük zərbədir. Hələ nəzərə alsaq ki, qiymət artımının məntiqi əsaslandırılması da yoxdur. “Azərqaz”ın nümayəndəsi deyir ki, Avropadan qiymətlərimiz çox ucuzdur. Bu cür gerizəkalı əsaslandırma ola bilməz. Avropadakı insanların gəlirləri ilə Azərbaycandakı insanların gəlirləri eyni deyil. Bu qiymət artımı əsaslandırılmamış büdcənin kəsirlərini qısa yoldan doldurmaq cəhdidir. Burada ən çox itirən əhalidən də çox Azərbaycan hakimiyyətidir. O fikirdəyəm ki, büdcədəki kəsiri aradan qaldırmaq üçün alternativ yollara əl atmaq lazım idi. Enerji daşıyıcılarının qiymətinin artırılması bütün xidmət sahələrinin, ərzaq məhsullarının qiymətini artıracaq.

Qiymət artımı siyasi proseslərə də ağır zərbə olacaq. Qəzəbli xalq qətiyyən loyal, konstruktiv çıxışlar istəməyəcək. Radikal mövqe istəyəcək. Bu ola bilsin ki, hakimiyyətdaxili hansısa qüvvələrə maraqlıdır. İstənilən halda, qiymət artımı proseslərə neqativ təsir edəcək”.

Səxavət Məmməd