Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 6-da rəqəmsal SAT imtahanı təşkil ediləcək.
DİM-dən Yenicag.az-a bildirilib ki, imtahanlar Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 299 (TC60129) və Süleyman Sani Axundov küçəsi, 50 (TC56582) ünvanlarında eyni vaxtda keçiriləcək. İmtahan verəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən müvafiq ünvana yaxınlaşsınlar.
İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə olmalıdırlar:
-Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
-Buraxılış vərəqəsi – Admission Ticket;
-“College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).
Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmayacaq.
İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.
İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, belə şəxslərin imtahana buraxılması mümkün olmayacaq.
Dekabrın 6-da SAT imtahanı verəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.












