Novruz Məmmədovdan FİFA qalmaqalına münasibət
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da son vaxtlar FİFA ətrafında yaranan qalmaqala və quruma keçirilən prezident seçkilərinə münasibət bildirib.
Yenicag.az xəbər verir ki, N.Məmmədov tvitter hesabında seçkilərdə Blatterin qələbə çalmasını ABŞ-ın məğlubiyyəti kimi dəyərləndirib:
“Çox maraqlıdır, siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur
Gizli səsvermə olduğu üçün görünür səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi “.
Xatırladaq ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkə hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 14 məsul şəxsi həbs olunmuşdu. İsveçrə polisi isə 2018 və 2022-ci il dünya çempionatlarının Rusiya və Qatara necə verilməsi məsələsini araşdırmağa başlayıb.
İsveçrənin Sürix şəhərində keçirilən FİFA-nın yeni prezident seçkilərində isə qurumun prezidenti Yozef Blatter beşinci dəfə səs çoxluğu ilə bu posta seçilib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın başlatdığı istintaq tədbirlərinin Blatterin yenidən FİFA prezidenti seçilməsinin qarşısını almaq məqsədi daşıdığını açıqlamışdı. O, bildirib ki, FİFA 2018-ci il dünya çempionatının ev sahibliyi hüququnu Rusiyaya verdikdən sonra Y. Blatter təzyiqlərə məruz qalıb.