“İdxal olunan məhsullara tətbiq edilən rüsumları artırmaqla daxili istehsalı stimullaşdırmaq mümkün deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında baş nazir Novruz Məmmədovun imzaladığı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər haqda qərarı şərh edən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli deyib.
Nazim Bəydəmirlinin sözlərinə görə, hökumət bu kimi addımları atmazdan əvvəl əhalinin alıcılıq qabiliyyətini nəzərə almalıdır:
“Bu məsələlərdə əsas məqsəd daxili istehsalı stimullaşdırmaq, yerli iqtisadi fəaliyyəti artırmaq və yerli məhsulları daha çox təşviq etməkdir. Burada ikinci məqsəd büdcəyə əlavə vəsaitlərin daxil olmasını təmin etməkdir.
Fikrimcə, indiki zamanda bu məqsədlərə, əsasən, də birinci məqsədə çatılması mümkün deyil. Əgər 2015-18-ci illərin müvafiq göstəricilərini analiz etsək görərik ki, gömrük rüsumlarının qaldırıldığı məhsulların ölkəyə idxalı nəinki azalmayıb, əksinə, artıb.
Təkcə Əlavə Dəyər Vergisinin (ƏDV) son beş ilə aid dinamikasına baxsaz, görərsiz ki, daxili istehsala yönəlik ƏDV-də təqribən 250 milyon manat civarında azalma olsa da, idxaldan toplanan ƏDV-də artım var. Bu isə o deməkdir ki, bizim istehlak etdiyimiz malların əksəriyyəti xaricdən idxal olunan məhsullardır.
O baxımdan, aksiz vergiləri də daxil olmaqla, idxal mallarından toplanan ƏDV-nin artımı sübut edir ki, rüsumları artırmaq yolu ilə daxili istehsalı stimullaşdırmaq mümkün deyil.
Dünyada bu mərhələləri adlamış ölkələrin hamısında daxili istehsalı stimullaşdırmağın yolu iqtisadi fəaliyyəti genişləndirmək, yerli vergi güzəştlərinin artırılması, ucuz maliyyə resurslarının əlçatanlılığını təmin etmək və sahibkarlığın təşviqindən keçir. Əslində, hökumət bu yolu seçərək, məmur sahibkarlığını aradan qaldırmalı və yerli istehsalı təşviq etməlidir.
O baxımdan, mən bu məsələyə çox da nikbin yanaşmıram. Hesab edirəm ki, Azərbaycan idxaldan asılı ölkə olduğu üçün hökumət bu kimi addımları atmazdan əvvəl əhalinin alıcılıq qabiliyyətini nəzərə almalıdır.
Çünki yekunda bu zərbələr vergi ödəyicisi olan vətəndaşa dəyir. Sahibkar artan gömrük rüsumlarını onsuz da malın maya dəyərinə “oturdur” və nəticə etibarilə, o rüsumları bazara, mağazaya gedən vətəndaş ödəməli olur. Vətəndaşın real gəliri azaldıqca, dövlətin sosial öhdəlikləri artır, dolayısı ilə dövlətə də, vətəndaşa da ziyan vurulur”.
Qeyd edək ki, baş nazir Novruz Məmmədovun bu gün imzaladığı qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri üçün 0,3 ABŞ dolları, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litri üçün 0,3 ABŞ dolları, meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər üçün 15.12.2019-cu il tarixinədək 15 %, lakin 1 litri 0,7 ABŞ dollarından az olmamaq şərtilə, alkoqollu energetik içkilər 1 litri üçün 2,0 ABŞ dolları, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar: siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1000 ədədi üzrə 0,5 ABŞ dolları, elektron siqaretlər üçün maye – 1 kq-ı üzrə 1 ABŞ dolları müəyyən edilib.
Nazirlər Kabinetinin digər bir qərarı ilə Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrində də dəyişikliklər edilib.
Qərarla şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat, tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün 28,0 manat tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat, tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat, elektron siqaretlər üçün maye 1 litr üçün 20,0 manat müəyyən edilib.
Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
A.Zeynalov
www.yenicag.az