Öcalanın şəkilləri endirildi
Türkiyənin Diyarbəkir vilayətində düşərgədə yaşayan yəzdilər PKK bayraqları və Abdullah Öcalanın şəkillərini qaldırıb.
Yenicag musavat-a istinadən məlumat verir ki, vəziyyət barədə jandarmaya şikayət daxil olub. Bundan sonra düşərgəyə gələn əsgərlər bayraq və şəkillərin endirilməsini tələb edib. Jandarma komandiri bildirib ki, Türkiyə Cümhuriyyətində belə bir hərəkət etmək qanuna ziddir. Böyük qismi gənclərdən ibarət qrupun başçısı Xıdır Xace bir an əvvəl torpaqlarına qovuşmaq istədiyini bildirərək deyib:
“Sincar şəhərini İŞİD-dən xilas etmək üçün döyüşənlərə inamımız yüksəkdir. Sincarın müstəqil bölgə olmasını, öz-özünü idarə etməsini istəyirik”.
Öcalanın azad edilməsi üçün başladılan imza kampaniyasına qoşulduqlarını ifadə edən Xace bildirib ki, artıq 3500 imza toplanılıb. Qrup açıqlama verdikdən sonra bayraq və şəkilləri endirib.