“Ögey ana”nın İSMAYILI: “Fəryad”a dözməyib ürəyi partlayan MƏŞHUR
Hələ 11 yaşında ikən məşhur “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaratdı. Bu obraz ona ilk sənət addımında uğur gətirdi. 12 yaşı olanda isə “Ögey ana” filminə dəvət aldı. Taleyini uşaqlıqdan kinoya bağlayan bu qarayanız, suyuşirin oğlan sonralar bir çox filmlərdə rol aldı. Amma tamaşaçı yaddaşında daha çox iki filmdəki obrazı ilə qaldı: “Ögey ana” və “Fəryad” filmlərində İsmayıl…
Əvəzolunmaz aktyor Ceyhun Mirzəyevin bu gün doğum günüdür.
Danılmaz bir faktdır ki, psixoloji dram janrının elementlərini də ilk dəfə kinoya məhz Ceyhun Mirzəyev gətirib. Koloritli aktyor idi, eyni zamanda, təbiiliyi, səmimiyyəti ilə seçilirdi. Elə buna görə də canlandırdığı obrazları ilə adını kino tarixinə əbədi yazdırdı.
Son filmi isə “Fəryad” oldu. O, özü həm “Fəryad” filmini çəkdi, həm də ekran işində baş rolu oynadı. “Fəryad” Azərbaycan kinosunun tarixinə böyük sənət əsəri kimi düşdü.
Amansız ölüm onu həyatının ən gözəl çağlarında yaxaladı. Hətta filmin premyerasında iştirak etmək belə ona qismət olmadı. Cəmi 46 il ömür sürdü. Sənət dostlarının dediyinə görə studiyada çəkiliş zamanı özünü pis hiss edən Ceyhunu evə güclə çatdırıblar. Ürəyi partlayan aktyor özündən sonra gözəl obrazlar qalereyası qoyub getdi.
Cəvahir