Oktyabrın 26-da qış vaxtına keçirik
Oktyabrın 26-da Azərbaycan qış vaxtına keçəcək.
Bu barədə Dövlət Standartlaşma, Meterologiya və Patenit Agentliyindən məlumat verilib. Agentlikdən verilən xəbərə görə, bu ayın sonuncu bazar günü, yəni oktyabrın 26-də Azərbaycanda qış vaxtına keçid olacaq.
Həmən tarixdə gecə saat 5:00-da saatın əqrəbləri bir saat geri çəkiləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin 17 mart 1997-ci il qərarı ilə Azərbaycanda hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə Azərbaycan Respublikası ərazisində yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Avropa Birliyi ölkələri və ABŞ-ın əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniya çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Yay vaxtına keçid Azərbaycanda Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilir.
Lakin bəzi səbəblərdən Çin, Yaponiya, Cənubi Koreya, İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Estoniya, Ukraynavə s. ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib.
Bir sıra ölkələrdə yay və qış vaxtlarına keçidin ləğvi barədə təkliflər səslənir. Məsələn, 2008-ci ilin mayında Rusiya Dövlət Dumasına vaxt dəyişikliyindən imtina ilə bağlı qanun layihəsi təqdim olunub. Belə bir qanun layihəsinin yaranmasına, yay və qış vaxtlarına keçidin vətəndaşların səhhətinə mənfi təsiri barədə məlumatlar səbəb olub. Hesablamalara görə, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12%, bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75%, intiharlar isə 66% artır. Əlavə arqument kimi 1980-1999-cu illər ərzində Rusiyada ölüm hallarının sayı barədə statistika da göstərilir. Bildirilir ki, bu statistikada yay və qış vaxtlarına keçid dövrünün payı 8-10% təşkil edir. İddia edilir ki, saat dəyişikliyi nəticəsində hər il Rusiyada 60-70 min insan ölür.
Həkimlər isə saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir. Lakin bu təsir bir o qədər də böyük deyil. İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejiminlərini korrektə etsə və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsa, bu təsiri minimuma endirə bilər.