Ermənilərin ötən gün Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirdikləri 2 yaşlı Zəhranın faciəsinə dünyanın biganə qalmaması üçün konkret addımların atılması təklif olunur.
Yenicag.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Hadisədən sonra media və sosial şəbəkələrdə 2 yaşlı Zəhra erməni vəhşiliyinin növbəti rəmzi kimi təqdim edilməkdədir. Eyni zamanda, Zəhranın faciəsi 2015-ci il sentyabrın ilk günlərində Yunanıstana keçmək istəyən qaçqınları aparan gəminin Aralıq dənizində batması nəticəsində boğulan, cəsədi Bodrum sahillərində tapılan 3 yaşlı suriyalı Aylan Kurdinin ölümünü xatırladıb. Daha doğrusu, dünyanın bu iki faciəyə müqayisəli münasibəti xatırladılmaqdadır.
Qeyd edək ki, iki il əvvəl Aylanın dalğaların sahilə atdığı cəsədi dünya gündəmini zəbt etmişdi. Aparıcı media orqanları Aylanın cəsədini öz manşetlərində yerləşdirmişdilər və onun faciəvi ölümü günlərlə müzakirə olunmuşdu.
Budur, ondan daha ağır faciə Azərbaycanda yaşanıb – 2 yaşlı Zəhra erməni vəhşiliyinin növbəti qurbanı olub. Ancaq yenə də görünən budur ki, baş vermiş faciə sadəcə, Azərbaycan gündəmi üçün aktualdır. Yəni dünya Zəhra faciəsindən xəbərsiz kimi davranmaqdadır. Yəni ermənilərin 2 yaşı tamam olmayan körpəni qanına qəltan etmələri Azərbaycandan kənarda sıradan hadisə qismində qarşılanmaqdadır.
Lakin bu hadisənin üstündən sükutla keçmək, daha bir faciəvi səhifəni rahatlıqla çevirmək qətiyyən doğru olmazdı. O baxımdan, Zəhranın, onun timsalında azərbaycanlı uşaqların faciəsinin beynəlxalq miqyasda ictimailəşdirilməsinin zəruriliyi daha artıq dərəcədə özünü göstərir.
Mövzu ilə bağlı Yenicag.Az-a açıqlama verən millət vəkili Çingiz Qənizadənin fikirincə, Zəhranın qətlinə görə məsuliyyət tək Ermənistanın deyil, həm də beynəlxalq birliyin üzərindədir:
“Dünən axşam baş vermiş faciə ilə bağlı xəbərləri müntəzəm izləyirəm. Çox təəssüf ki, İsrail səfiri istisna olmaqla, nə Azərbaycandakı diplomatik korpuslar, nə də ki beynəlxalq təşkilatlar bu barədə bir kəlmə də danışmır, susmağa üstünlük verirlər.
O baxımdan, hesab edirəm ki, bu faciəyə görə tək Ermənistan deyil, beynəlxalq birlik, xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyət daşıyırlar. Onlar artıq 25 ildir ki, münaqişənin həlli istiqamətdə heç bir real addımlar atmırlar. Bu vəziyyət isə yeni faciələrə yol açır.
Sözsüz, dünyanın harasında olursa-olsun, uşaqların üzləşdikləri faciə hamımızın ürəyini ağrıdır. Zəhra balamızın faciəsi də beynəlxalq miqyasda ictimailəşdirilməlidir və hazırda xaricdə müxtəlif tədbirlərdə iştirak edən millət vəkillərimiz bu barədə çıxışlar ediblər. Ancaq yenə deyirəm, əsas məsələ münaqişənin ədalətli həllinə nail olunması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsidir”.
Bu barədə Yenicag.Az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi fakti təcili surətdə beynəlxalq miqyasda ictimailəşdirilməlidir:
“Bu, çox böyük faciə və vəhşilikdir. Azərbaycan dövləti və ictimaiyyəti, həmçinin dünyada sülh, insan haqları, ədalət uğrunda mübarizə aparan bütün təşkilatlar mütəşəkkil qaydada bu faktı ictimailəşdirməlidir. Biz bu məsələdə bir addım belə geridə qala bilmərik.
İstər Suriyalı olsun, istər Azərbaycanlı, uşaqlara qarşı bu cür vəhşilik mütləq ən yüksək tribunalarda qiymətini almalıdır. Uşaq qatilləri mütləq cəzalandırılmalıdır ki, başqaları onlara baxıb belə əməllərdən çəkinsinlər.
Hər şeydən öncə istərdim ki, dövlət qurumlarımız konkret olaraq BMT və ATƏT-in məsələylə bağlı ayrıca müzakirəsini tələb etsinlər”.
A.Zeynalov
Yenicag.Az
www.yenicag.az