!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Oliqarxların “çətir”i altında olan “biznesmenlər” harama əl atmaqdan çəkinmirlər” – Uğurlu biznes-ledi

!Reklam – Yazi

“Dövlətimiz Azərbaycan qadınının öz potensialını göstərməsi üçün hər cür şərait yaradıb”.

Yenicag.az nüfuzlu iş xanımı, xeyriyyəçi Məlahət Qurbanovanın biznes və xeyriyyəçilik fəaliyyətinə dair adalet.az-da dərc olunmuş materialı təqdim edir.

Oktyabrın 18-də tarixdə ikinci dəfə müstəqilliyinin elan olunmasının 27 illiyi qeyd olunacaq Azərbaycan dövləti 1918-1920-ci illərdə xalqımızın tarixinə və dünyanın siyasi xəritəsinə silinməz iz salmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Bildiyimiz kimi, Cümhuriyyət dövründə qazanılmış mühüm nailiyyətlərdən biri də ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnun qanunla təsbit edilməsi idi. Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olan Azərbaycanda dünyəvi teatrın, demokratik mətbuatın, anadilli məktəbin, qız gimnaziyalarının yaradılması Azərbaycan qadınlarının hərtərəfli inkişafı üçün yeni üfüqlər açdı. Müstəqillik Günü ərəfəsində həmsöhbət olduğumuz qadın fəallardan nüfuzlu iş adamı, xeyriyyəçi Məlahət Qurbanova ilə söhbətimizin qayəsini də məhz bu mövzu təşkil etdi.

Məlahət Qurbanova 5 may 1959-cu ildə Qazax rayonunda el-obada böyük hörmət və izzət sahibi Qara Moşunun aləsinidə dünyaya göz açmışdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. 1987-ci ildən Bakı şəhər 1 saylı Lombardına müdir təyin olunmuş Məlahət xanım ölkəmizin iqtisadi inkişafında, lombard-bank sisteminin möhkəmləndirilməsi istiqamətində böyük xidmətləri olan bir mütəxəssisdir.

“Məlahət” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü kimi qurumun tədbirlərində mütamadi olaraq iştirak edir. Gözəl ailə başçısı, qayğıkeş anadır – Fatimə adlı bir qızı var.

Hazırda Azərbaycanın 1 saylı “Lombard”ı kimi fəaliyyət göstərən bina 1850-ci illərin ortalarında bank xidmətləri üçün istifadəyə verilmişdir. Bakı milyonçularının davamlı olaraq toplaşdığı azsaylı qədim binalardan biri olan burada 1917-ci ildə Azərbaycanın ilk “Lombard”ı fəaliyyətə başlamışdır. Müstəqil Azərbaycan Cümhuriyyəti dönəmində fəaliyyətini davam etdirən “Lombard” SSRİ dönəmində dövlətin balansına keçmişdir. SSRİ-nin Əhaliyə Məişət Xidməti Nazirliyinə tabe müəssisə kimi fəaliyyət göstərən “Lombard” əhalinin, xüsusilə də, Bakı kəndlərinin ən güvəndiyi müəssisələrdən biri olub… Ötən əsrin 80-ci illərinin sonlarında ölkədəki bütün “lombardlar” bu binada yerləşən “Zinyət” Lombardlar Birliyi ətrafında birləşdirilir. Uzun illər ölkədəki bütün lombardları öz tabeçiliyində saxlayan “Zinyət” Lombardlar Birliyi 1998-ci ildə qanunvericilikdəki yeni dəyişikliklərə uyğun olaraq, tabeçiliyindəki bütün “lombard”lara müstəqillik verir. Beləcə, 1 saylı Lombard da yeni qanunlara uyğun olaraq, fəaliyyətini “Məlahət” MMC olaraq, davam etdirir.

Bu gün əhalinin güvəndiyi azsaylı lombardlardan biri olaraq, fəaliyyət göstərən “Lombard N:1” yüz illik adına, etibarına və gələcəyinə önəm verir və öz təməl prinsiplərindən əsla vaz keçmir.

“AZƏRBAYCAN QADINLARIMÜSTƏQİLLİK YOLLARINDA GEDƏN MÜBARİZƏLƏRİN ÖN SIRALARINDA OLUBLAR”

Məlahət xanım təklif etdiyimiz mövzu üzrə söhbətinin əvvəlində Azərbaycan qadınlarının ölkəmizin müstəqilliyi uğrunda mübarizə işinə verdikləri dəstək, habelə cəmiyyətdə xeyriyyəçilik ənənələrinin təşəkkül tapmasına töhfələri barədə bilgilərini oxucularımızla bölüşdü:

– Cümhuriyyət dövründə cəmiyyətdə maarifçiliklə yanaşı xeyriyyəçilik də mühüm yer tuturdu.

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti isə daha əvvəl – 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. Onun və digərlərinin yaratdıqları qadın xeyriyyə cəmiyyətləri böyük iş aparırdı. Milli istiqlal hərəkatının yüksəlişində payı olan fəal qadınlarımız Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirak etmiş, üzləşdikləri çətinliklərə, qarşılaşdıqları təzyiqlərə baxmayaraq, əqidələrindən dönməmişlər… Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir.

Qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir… Azərbaycan qadınları XX əsrin sonuna yaxın müstəqillik yollarında gedən mübarizələrin də ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər…

“XALQ CÜMHURİYYƏTİNİN HÜQUQİ VARİSI OLAN MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİ AZƏRBAYCAN QADINININ ÖZ POTENSİALINI GÖSTƏRMƏSİ ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADIB”

İş adamı Məlahət Qurbanovanın ölkəmizin tarixi, qadın hərəkatının keçdiyi yol barədə bunca səhih bilgilərə malik olması əlbəttə ki, heyranlıq doğurmaya bilməzdi. Amma onun həm də çox savadlı hüquqşünas olduğunu nəzərə alanda təəccüblənməyə elə bir səbəb olmadığını anladıq. Odur ki, müasir cəmiyyətimizdə qadın hüquqlarının təmini səviyyəsi haqda nə düşündüyünü soruşduq. Məmnuniyyətlə cavablandırdı:

– 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanda gender bərabərliyinin təmini istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətən naminə, xalq naminə istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda həyata keçirdiyi işlər buna əyani sübutdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin keçən il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bir qrup ziyalı Azərbaycan qadınını “Əməkdar müəllim”, “Əməkdar həkim”, “Əməkdar mədəniyyət işçisi” və başqa fəxri adlarla təltif etməsi qadınlarla bağlı dövlət siyasətinin də mütərəqqi Azərbaycan standartından danışmağa və dünyaya örnək kimi göstərməyə əsas verir.

İndi Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan dövləti Azərbaycan qadınının öz potensialını göstərməsi üçün hər cür şərait yaradıb, gender bərabərliyini təmin edib…

“DÖVRİYYƏYƏ BURAXDIQLARI KAPİTALI HALAL YOLLA QAZANMADIQLARI KİMİ,

ONU ARTIRMAQ ÜÇÜN DƏ HARAMA ƏL ATMAQ DAN ÇƏKİNMİRLƏR”

Xanım hüquqşünasın sözlərinə görə, bu müstəvidə görülən bütün tərəqqiyönlü işlərə baxmayaraq, bəzi hallarda qadınlara qarşı hüquqpozmalara hələ də rast gəlinir və bu naqislik özünü təkcə ailədə, məişətdə deyil, işgüzar dairələrdə, biznes mühitində də göstərir:

– Özü də haqsız rəqabətə, qeyri-bərabər şərtlərlə çəkişməyə, arxadan, solaxay, necə deyərlər, “qurşaqdan aşağı” zərbələrə biznesin məhz o oyunçuları əl atırlar ki, sırf sahibkar deyillər, oliqarxların “çətiri” altındadırlar. Dövriyyəyə buraxdıqları kapitalı halal yolla qazanmadıqları kimi, onu artırmaq üçün də harama əl atmaqdan çəkinmirlər. Vicdanlı vergi ödəyiciləri deyillər, dövlətimizin büdcəsinin zənginləşməsinə, milli müstəqil iqtisadiyyatımızın formalaşmasına töhfə vermək barədə düşünmürlər. Mən 30 ildən çoxdur ki, lombard sahəsində rəhbər vəzifədə çalışıram. İxtisasca hüquqşünas olduğum halda bu sahəyə maraq göstərmiş və ulu öndərimiz Heydər Əliyevin “özəlləşdirmə” çağırışına ilk qoşulanlardan biri olaraq, “Məlahət” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişəm. Bu gün rəhbərlik etdiyim müəssisə onlarla ailənin yeganə qazanc mənbəyidir. Mən bir sahibkar olaraq, onlarla insanı işlə təmin edərək, dövlətə sədaqətlə xidmət edirəm.

Hesab edirəm ki, hər bir işçi bir ailə deməkdir. Onlarla ailəyə maaş verə bilmək, vergi ödəmək mənim üçün böyük xoşbəxtlikdir və Vətənə xidmətdir.

“XOŞAGƏLMƏZ HALDIR Kİ, HƏRDƏN MƏTBUAT DA QADINLARA TƏZYIQ VASITƏSI KIMI ISTIFADƏ OLUNUR”

Etiraf etmək lazımdır, Azərbaycanda qadının rəsmi olaraq kişi ilə hüquqları eyni olsa da, sosial diskriminasiya hələ də ətalət qüvvəsi ilə qalmaqda olan problemdir. Müəyyən mənada başa düşüləndir ki, ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması ailə büdcəsinin formalaşmasında qadının rolunu məhdudlaşdırır, kişinin hegemonluğunu şərtləndirir, cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkirlər. Təəssüf doğurucudur ki, hətta paytaxtda, özü də savadlı, işgüzar, hüquqlarını bilən və özünü müdafiə etməyi bacaran qadınların da mövqelərindən sıxışdırılması tendensiyası mövcuddur. Zaman-zaman belə təzyiqlərə məruz qalmış, lakin, mətinliklə sinə gərərək duruş gətirmiş qeyrətli xanımlardan biri də Məlahət Qurbanovadır. Xoşagəlməz haldır ki, hərdən mətbuat da bu çəkişmələr müstəvisində alətə çevrilir, “kişilərin” sifarişini yerinə yetirərək, qadınlara təzyiq vasitəsi kimi istifadə olunur. Məlahət xanımı nişangaha alan bəzi oxunaqsız saytların rəhbərləri və onların sifarişçiləri Məlahət Qurbanovanın zərif olduğu qədər də çətin hədəf olduğunu bilməlidirlər. Məlahət xanımın hüquqi savadına güvənərək indiyədək qalib gəldiyi məhkəmə qovğaları ilə tanış olsalar, onun gücü barədə təsəvvürləri dəqiqləşər. Kabinetinə qapı döymədən, yumruq düyünləyib girən, istədikləri stulda əyləşib ona hədə-qorxu gəlməyə çalışan kişilər – yuxarı vəzifəlilər də olub. Amma Məlahət xanım onlara əsl yerlərini, hədlərini göstərəndən sonra axırda muma dönərək otaqdan suları süzülə-süzülə çıxıblar.

Məlahət xanımın evinin də, iş yerinin də, qəlbinin də qapıları dostlar üçün taybatay açıqdır. Təravəti solmayan gülərüz çöhrəsi, nurlu aurası xoşniyyətli qonağı səhər mehi kimi qarşılayır. Ehtiyac burulğanına düşənlər onun ətəyindən yapışıb dar macaldan qurtula, həmcinsləri tapdanmış hüquqlarının bərpası üçün onu özlərinə vəkil seçə, həmkarları isə təcrübəsindən pay götürüb məsləhətindən faydalana bilərlər. Köməyini əsirgəməz. Daha nə deyək, kimin niyyəti hara, mənzili də ora.

COP29

www.yenicag.az

2612
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv