İyunun 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.
Trend-in məlumatına görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılacaq.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8664 nəfəri Azərbaycan bölməsi, 858 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4027 nəfərini oğlanlar, 5495 nəfərini qızlar təşkil edir. 5621 nəfər ali təhsil müəssisələrinin builki, 3901 nəfər isə əvvəlki illərin məzunudur. 19 bakalavr xarici ölkə vətəndaşıdır.
Qeyd edək ki, imtahanın idarə olunmasına 89 imtahan rəhbəri, 867 nəzarətçi-müəllim ayrılıb.
www.yenicag.az