“Ölkəmiz 2 gün sonra uğurla əyani sübut imzasını atacaq”
Ölkəmiz 2 gün sonra, uğurla əyani sübut imzasını atacaq. Artıq 16 gündür ölkəmizdə həyata keçirilən Avropa Oyunları bütün dünya mətbuatının göz qabağındadır. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qısqanclıq hissi ilə yanaşan bir çox dünya ölkələrinin xüsusi təyinatlı şəxsləri Azərbaycan haqqında araşdırmalarını daha aktiv şəkildə davam etdirməyə başlayıb. Azərbaycan ev sahibliyi etdiyi oyunlar zamanı gənclərin xüsusi rolu olan könüllülük fəaliyyətindən tutmuş, texniki məsələlərin tənzimlənməsinə kimi daha yeni bir təcrübə əldə etməyə başladığı bir vaxtda, adlarının çəkilməsi mümkün ola biləcək şəxslər Azərbaycana qarşı olan qərəzli mövqeyindən əl çəkmək niyyətində deyil. Məhz bu səbəbdən ardı arası kəsilməyən qərəzli məqalələrin olmasına baxmayaraq Azərbaycan bu prosesdə həyata keçirdiyi oyunların təşkilatçılığı ilə artıq bütün məsələlərə cavab vermiş şəkildədir. Təşkilatçılıq sırasında gənclərin rolunu xüsusi vurğulamaq yerinə düşərdi ki, gənclərimiz gərgin iş qrafikində könüllü şəkildə oyunların komitəsinin tapşırıqlarını icra edir, sosial şəbəkələrdə istənilən məsələyə müdaxilə edə bilir, ölkəmizə qarşı qaldırılan iddialarda məsələləri arqumentləşdirə bilir. Bizim təşkilatda olan gənclərin də xüsusi rolunun olduğunu vurğulamaq yerinə düşərdi. Oyunların ilk dəfə Azərbaycanda keçirilməsi ilə Avropaya ev sahibliyi dərsi keçən ölkəmiz üçün də daha yeni təcrübə mexanizmi yaranmışdır. Məhz bu səbəbdən, bu kimi tədbirlərin keçirilməsi eyni zamanda Azərbaycanı növbəti illərdə ölkəmizdə keçiriləcək daha geniş kontingenti əhatə edəcək tədbirlərin keçirilməsində daha peşəkar addımlar atmağa sövq edəcəkdir. Ümumilikdə 3 həftə zaman kəsiyində həyata keçirilən bu oyunlar zamanı bizlər könüllük anlayışının nə olduğundan tutmuş, arenalardakı seyirci mədəniyyətimizi qısa zaman kəsiyində daha da inkişaf etdirmiş olduq. Komandalarımıza rəğbət hissi çox yüksək səviyyədədir. Qısa bir müddət öncə açılış mərasimi həyəcanını yaşayan Azərbaycan artıq son 2 gündən sonra Avropanın Oyunlarının əyani sübutu imzasını atacaq.
MirHəsən Seyidov