!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkəyə ət idxalında CİDDİ ARTIM: “Heyvandarlığın inkişafına vurulan zərbə...” – Professordan SƏRT TƏNQİD

!Reklam – Yazi

“Ət idxalındakı kəskin artım kənd təsərrüfatı sahəsinin idarəetməsində ciddi problemlərin olduğunu göstərir”.

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan xarici ölkələrdən 40,4 milyon dollar dəyərində 22,6 min ton ət idxal edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon dollar (37,5%) və 2,3 min ton (11,2%) çoxdur.

Maraqlıdır, pandemiya şəraitində kafe və restoranların bağlanmasını, toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoyulduğunu nəzərə alsaq, ət idxalının artımına hansı amillər təsir edib?

Mövzu ilə bağlı Yenicag.az-a danışan İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, ət idxalındakı kəskin artım kənd təsərrüfatı üzrə idarəetmədə mövcud olan problemlərin nəticəsidir:

“Ölkə başçısı milli iqtisadiyyatın dayanıqlı inkişafına dair kifayət qədər ciddi qərarlar qəbul edir, tapşırıqlar verir. Lakin kənd təsərrüfatı idarəetməsindəki mövcud boşluqlar və çatışmazlıqlar inkişafın davamlılığına əngəl yaradır.

Belə ki, son illər ərzində əkin sahələrinin kənd təsərrüfatının digər sahələrinə istiqamətləndirilməsi heyvandarlığın inkişafı və ət istehsalı ilə bağlı problemlərin dərinləşməsinə şərait yaradıb.

Sahələr arasında balansın düzgün təyin olunmaması, sırf bir sahəyə qabarıq şəkildə diqqət ayrılması düzgün aparılmayan təhlilin nəticəsidir. Bu isə digər sahələrinin daha tez tənəzzülə uğramasına yol açır”.

Professor hesab edir ki, pandemiya şəraitində ət idxalının artımı iqtisadi və o cümlədən, ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin xeyli aktuallaşdığını təsdiqləyir:

“Bu vəziyyət ölkədən valyuta axının artımına da səbəb olur. Ət idxalındakı kəskin artım kənd təsərrüfatı sahəsinin idarəetməsində ciddi nöqsanların olduğunu göstərir. Eyni zamanda, ölkədə ət istehlakının yerli ekoloji və təmiz məhsullardan təmin olunmaması əhalinin sağlamlığı üçün müəyyən problemlər yarada bilər. Bu, olduqca ciddi problemdir.

Kənd təsərrüfatı və ümumiyyətlə, iqtisadiyyatın planlaşdırılması sahələri üzrə düzgün balanslaşdırılma istiqamətinin olmaması mövcud problemlərin daha da artmasına şərait yaradacaq. Bu baxımdan, sözügedən sahənin inkişafı üçün yeni yanaşmalara və strateji planlaşdırmaya söykənən iqtisadi qərarların qəbuluna ciddi ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

3438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv