Bir çox sakinlər küçədə olan heyvanlardan şikayət edirlər. Əslində isə küçələrdə olan bu heyvanlar bizim məsuliyyətsizliyimizin nəticəsidir.
Bir çoxları küllü miqdarda pul ödəyərək heyvanları alır və onlara həvəs kimi, oyuncaq kimi yanaşır. Bir müddətdən sonra qocaldıqda və ya xəstə olduqda onları küçəyə atırlar. Və nəticədə küçədə ölüm və həyat arasında qalan heyvanların sayı çoxalır. Bəzi “insan”lar isə heyvanlarla kobud davranır, üzərinə siqaret külü tökür, vurur, daşlayır, hətta maşınına bağlayıb sürüyür və qarşılığında heyvanlarda qorxu, aqressiya yaranır. Onlar mərhəmətli insan belə görəndə özünümüdafiə üçün hücum edir.
Yenicag.az xəbər verir ki, Aprelin 26-sından Sumqayıt şəhər Təmizlik Departamentinin əməkdaşları itləri xüsusi torlar vasitəsi ilə tutaraq şəhər mərkəzindən təxminən 15 km məsafədə yerləşən məişət tullantıları poliqonuna daşıyırlar. Hətta şəhərdə nümunə üçün bir itin də qalmayacağını deyən bu qurumla əlaqə saxladıq və səbəbini belə izah etdilər:
“İdarəyə çoxlu sayda şikayətlər daxil olur. Buna görə də artıq bu işə başlamışıq. İtlər poliqona aparılır. Onların öldürülməsinə icazə verilmir. Amma heç kim narahat olmasın, itlər bir də oradan heç yerə qaça bilməyəcək”.
“Bəs bu itlər necə qidalanacaq?” sualımıza isə: “Zir-zibil yeyib, poliqonda eşələnəcəklər” cavabını aldıq.
“Həqiqətənmi, çıxış yolu ancaq budur?” sualı ortaya çıxır. Azərbaycanda heyvanlar üçün sığınacaqların sayı çox azdır. Onlardan biri də AARC – Azərbaycan Heyvanları Xilasetmə Mərkəzidir. Sponsor dəstəyini çəkdiyi üçün bu qurum bağlanmaq təhlükəsiylə üz-üzədir. Bu mərkəz küçələrdə sahibsiz heyvanların xilas edilməsi, onların müalicəsi və sağlamlığına qovuşan heyvanların sahibləndirməsilə məşğul olur. Təəssüflər olsun ki, sahiblənmə çox az olduğundan mərkəzdə heyvanlar çoxalıb və maddi çətinlikləri əməkdaşlar qarşılaya bilmir. Nəticədə bu da xilasetmələri məhdudlaşdırır.
Mərkəzin direktor köməkçisi Vüsalə Əli xeyirxah insanları onlara dəstək olmağa çağırır:
“Əgər heyvanlara xidmət etmiriksə, onlara əziyyət etməyə də ixtiyarımız yoxdur, bura çox ağır vəziyyətdə heyvanlar gətirilib: “Üzərinə qır tökülmüş, gözləri ovulmuş, qulağı kəsilmiş. Heyvanları qısırlaşdırmağa dəvət edirəm, deyirlər bu günahdır. Məncə, xəstə heyvanın yanından keçmək , onları ölümə tərk etmək günahdır. Çünki nəticədə üçayaqlı, kor qalırlar. Və əlbəttə ki, onlar küçədə qala, yem tapa bilməzlər. Buna görə də onlar bizim mərkəzdə qalır. Əgər kimsə onları sahiblənərlərsə, biz də fəalliyətimiz davam etdirə bilərik. Bizə həm maddi, həm də mənəvi dəstək lazımdır, hər şey xeyirxah insanlardan asılıdır… ”
Sözügedən mərkəzdən hazırladığımız videoreportajı sizə təqdim edirik:
Jurnalist: Brilyant Rəsulova
Operator: Cəmalə Əlizadə
www.yenicag.az