Rusiya-Ukrayna müharibəsində iştirak etmiş azərbaycanlıları Vətənə döndükdə NƏ GÖZLƏYİR?
“Rusiya – Ukrayna müharibəsində iştirak edən azərbaycanlılar ölkəyə döndükdən sonra onların hüquqi proseduru dövlətlər arasındakı münasibətlərdən tənzimlənəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşunas Xəyal Bəşirov Rusiya və Ukrayna arasında gedən müharibədə azərbaycanlıların iştirakı və ölkəyə döndükdən sonra onların məsuliyyətə cəlb edilmə ehtimalı barədə danışarkən deyib.
O qeyd edib ki, bəzən məlumatlar yayılır ki, həm Ukrayna tərəfdən, həm də Rusiya tərəfdən müharibədə iştirak edən Azərbaycan əsilli insanlar var, Azərbaycan vətəndaşlarının olması ilə bağlı da məlumatlar var:
“Doğrudur, biz konkret olaraq bununla bağlı məlumatların, statistik rəqəmlərin şahidi deyilik amma Rusiyada yaşayan və Rusiya vətəndaşlığını qəbul edən Azərbaycan əsilli insanların Rusiya tərəfindən döyüşməsi və ya əksinə Ukrayna vətəndaşlığını qəbul etmiş Azərbaycan əsilli Ukrayna vətəndaşlarının da müharibədə iştirak etməsi onların daxili qanunvericiliyi ilə tənzimlənir. Onların qanunlarına görə o vətəndaşlar dövlət qarşısında öhdəlik götürürlər, hüquqları ilə yanaşı vəzifələri də vardır ki, onlardan biri də səfərbərlik zamanı müharibəyə cəlb edilməkdir. Bu onların daxili məsələsidir. Ola bilər onlar Azərbaycan əsilli insanlardır amma dövlətimizi, xalqımızı narahat edir. Hər bir halda o şəxslərin Azərbaycan vətəndaşlığı olmaması bu öhdəlikləri yalnız o dövlətlər qarşısında yaradır”.
Hüquqşünas qeyd edib ki, onlar ölkəmizə qayıtdığı halda ölkələr arasındakı münasibətlərdən asılı olaraq hər hansı terrorçuluq fəaliyyətində iştirak edib etməməsi sorğulana bilər amma belə bir fakt yoxdursa cəza almaya bilərlər:
“Azərbaycan vətəndaşlarının orda döyüşlərdə iştirak etməsi ilə bağlı hesab edirəm ki, həmin şəxslərlə dövlətlər arasında münasibətlərlə tənzimlənir. Məsələn, Azərbaycan vətəndaşı yetkinlik yaşına çatıbsa və o istənilən ölkəyə səfər edə bilirsə həmin dövlətlə imzaladığı müqavilə əsasında onlar tərəfdən müharibədə iştirak edirlərsə bu həmin şəxslərlə o dövlətlər arasındakı münasibətlərdən irəli gəlir. Terrorçu qruplaşmalarda, ayrı-ayrı təhlükəli qruplara qoşulub hansısa cinayətlərdə iştirak etmək fərqli şeydir. Azərbaycan dövləti hər bir halda vətəndaşlarının gedib hansısa dövlət tərəfdən müharibədə iştirak etməsinə qarşıdır, çünki onların həyatlarına təhlükə yaranır. Rusiya və ya Ukrayna ərazisində olan vətəndaşlar müharibəyə cəlb olunarsa onların üzərində nəzarəti həyata keçirmək faktiki olaraq mümkün deyil. Hər bir halda gələcəkdə onlar müharibədən sonra Azərbaycan ərazisinə qayıtdıqları təqdirdə həmin prosesdə iştirak etmələrindən asılıdır onların məsuliyyətə cəlb edilməsi məsələsinin aktuallaşması. Düşünürəm ki, həmin insanların bu prosesdə iştirak etməsi həmin dövlətlər arasındakı münasibətlərdən irəli gəlir və o münasibətləri tənzimləyən sənədlər əsasında müəyyənləşir”.
Nurlan Cəfəri












