ABŞ və Çin Rusiyanı xammal bazası kimi görür: Moskva HƏDƏF TAXTASINDA - ŞƏRH
“ABŞ və Çin Rusiyanı bir subyektdən daha çox xammal bazası kimi görür və mümkün qədər sözügedən ölkənin zənginliklərindən faydalanmağa çalışır. Bu isə Moskvanın hədəf taxtasında olması deməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Pərviz Mirizadə bu gün ABŞ lideri Donald Tramp və çinli həmkarı Si Cinpin arasında keçirilən görüşləri şərh edərkən deyib:
“ABŞ və Çin hazırda qlobal nizamın əsas aktorları hesab olunur. Onlar arasındakı ziddiyətlər, geosiyasi rəqabət istənilən halda beynəlxalq və regional riskləri də gətirir. Donald Tramp və Si Cinpin arasında Cənubi Koreyada keçirilən görüş məhz vəziyyəti nisbi olaraq sabitləşdirmək zərurətindən irəli gəlir.
Hər iki tərəf mövcud tendensiyanın mənfi təsirlərini dərk edir. Çin dünyanın istehsal mərkəzi rolunda çıxış etsə də, reallıq ondan ibarətdir ki, bahalı ABŞ, ümumilikdə, Qərb bazarı olmasa Pekinin istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə aşağı enə bilər.
Bununla yanaşı, ABŞ sənayesi, xüsusilə, hərbi sahədə istifadə olunan nadir elmentlər Çindən tədarük edildiyini nəzərə alarsaq Pekinlə bağları qoparmaq Birləşmiş Ştatlar üçündə ciddi risk daşıyır.
Yəni, Donald Trampın məlum gömrük tənzimlələri hər iki ölkənin maraqlarına uyğun deyil. Ancaq bu siyasi hegemoniyaya məsələsidir və Ağ ev liderliyi öz əlindən buraxmaq istəmir”.
Mirizadə görüşlər zamanı aparılan müzakirələrin mümkün mövzularını açıqlayıb:
“Aydındır ki, tərəflər görüş əsnasında Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqlə bağlı proseslər, Tayvan məsələsi, Zəngəzur dəhlizi kimi gündəm mövzuları haqqında fikir mübadiləsi aparıblar. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı. Pekin və Vaşinqtonun münaqişə ilə əlaqədar mövqeyi fərqli olsa da, Rusiyaya münasibət böyük ölçüdə eynidir. Hər iki ölkə Rusiyanı bir subyektdən daha çox xammal bazası kimi görür və mümkün qədər sözügedən ölkənin zənginliklərindən faydalanmağa çalışır. Bu isə Moskvanın hədəf taxtasında olması deməkdir”.
Nurlan Cəfəri












