Bəzən insan hər şeyi arxasında qoyaraq ölümə gözüaçıq şəkildə gedir. 44 gün ərzində canını bu torpağa şəhid verən oğullarımız da eynisini etdilər. Bu gün həmin övladların şəhadətə ucaldığı gündür. Niyəmi bu gün? Çünki bu gün hər kəsin həyatını dəyişdirdi. Bu tarix çoxlarının həyatında böyük dəyişiklikliyin başlanğıcı oldu.
Qardaş dediyim neçə yaxın uşağı torpağa tapşıranda da beynimdə məhz bu fikir canlanırdı. Niyə belə oldu? Məgər xonçası belə oynanmayan, Qarabağ üzü görməyən həmin oğlanları o torpağa bağlayan, canını qurban etməyə vadar edən nə idi? Bəs arxadakılar? Bəs ailəsi? Əslində, verdiyim sualın cavabı hamımıza bəllidir: Vətən sevgisi. Vətən sevgisi elə bir məfhumdur ki, ana, ata, övlad və yardan daha üstündür. Elə həmin oğullar da bu amal, bu məqsəd, bu istək ilə şəhadət yolunu seçdilər.
Yadımdadır, həmin dövrdə kimisi oğlu, kimisi də qardaşı ilə cəbhəyə yollanmışdı. Hətta döyüşdə öz badisini itirən neçə oğullar da var idi ki, günü bu günə qədər baş verənləri dillərinə gətirmirlər. Amma o zaman istək isə bir idi: bu milləti, Vətəni dardan çıxarmaq, şəhid olsalar belə, heç olmasa, torpaqları almaq. Çünki hamı bu fikrə fokuslanmışdı. Heç kim üçün sapsağlam geri qayıtmaq fikri ön planda deyildi.
Qarabağ məsələsini illərdir ürəklərində qubar edən bu millətin cəsur oğullarının ayağa qalxdığı gün də elə sentyabrın 27-si idi. Həmin vaxt qorxu bilməyən oğullarımız bu torpaq uğrunda canından keçməyi özlərinə Vətən borcu kimi hifz etdilər.
Biz onsuz da çox ağır günlərdən keçmişik. 90-cı illərin çadır düşərgələrində böyüyən, ayaqyalın, başıaçıq öz evini ailəsi ilə geridə qoymağa məcbur olan uşaqlar 4 il öncə tank belində o torpaqlara geri qayıtdılar. Çünki nifrət duyğusu insanda heç bir zaman bitmir. Nifrət illər keçdikcə insanı formalaşdırır, hətta məqsədləri üçün savaşmağa vadar edir. Necə ki, biz savaşdıq.
Torpağa gəldikdə isə torpaq öz sahibini hər zaman arayır, axtarır. İnsan harada anadan olubsa, dünyanın harasında olursa, olsun, o torpaq gec, yaxud da tez onu özünə çəkir. Elə bu şəhadət zirvəsinə ucalan 3 min qəhrəmanı da həmçinin.
“Zəfər, “zəfər mənimdir” deyə bilənindir” söyləyib Mustafa Kamal Paşa. Zəfər sizin, zəfər bizim, zəfər bu millətin oldu.
Allah sizə qəni-qəni rəhmət etsin, qardaşlar!
Rafi Müslümov
www.yenicag.az