“Fikrət Qoca adlı şair olmasıydı, Azərbaycan mahnı janrında böyük bir şikəstlik hiss olunardı. Mən bunu qorxulu yuxu kimi də təsəvvür belə edə bilmirəm”.
Bu fikirləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu gün doğum günü olan qələm dostu, Xalq şairi Fikrət Qocanı yad edərkən Yenicag.az-a açıqlamasında deyib.
O, qələm dostunun yoxluğundan yaranan boşluqlardan danışıb:
“Fikrət Qoca təkcə Azərbaycan ədəbiyyatı, poeziyası və mədəniyyətinin yox, bəlkə də bütün Azərbaycan xalqının ən işıqlı simalarından biridir. Poeziyasından danışmıram, çünki onun yazdıqları hər bir oxucunun masaüstü kitablarına çevrilib.
Bu gün Azərbaycan mahnı janrı bərbad vəziyyətdədir. Bu sahədə külüng salan gözəl şairlər yoxdur. Nəbi Xəzri, Vaqif Səmədoğlu, İslam Səfərli – çox insanları saymaq olar. Özəlliklə də Fikrət Qoca. Ramiz Rövşən də bir kənara çəkilib. Mənim indi dinlədiyim mahnıların 99 faizinin söz müəllifi Fikrət Qocadır. Fikrət Qoca adlı şair olmasıydı, Azərbaycan mahnı janrında böyük bir şikəstlik hiss olunardı. Mən bunu qorxulu yuxu kimi də təsəvvür belə edə bilmirəm”.
Baba Vəziroğlu dostunun yoxluğuna inana hələ də bilmədiyini bildirib:
“Xeyirxahlıq mücəssəməsi idi. Bəzən adamlar haqqında deyirlər e, qarışqanı belə tapdalamayıb, Fikrət Qoca da elə idi. Hələ eşitmədim ki, bir insan haqqında şikayətlənsin, kimdənsə incisin. Bəlkə də inciyirdi, amma ürəyində saxlayırdı. Sonradan onlar şeirlərə, mahnılara çevrilirdi.
Sənətin qüdrəti belədir ki, səni bü günahkar yer üzündən ayırıb bir neçə anlıq da olsa, səmaya, mələklərin yanına qaldırır. Sən dünyaya bir az yuxarıdan baxırsan. Bir vaxt arasında itib-batdığın problemlər sənə xırda görünür. Başlayırsan Fikrət Qoca kimi düşünməyə. Amma təəssüf ki, həmişə Fikrət Qoca kimi düşünə bilmirik.
O həmişə məhəbbəti tərənnüm edirdi, namərdliyə qarşı amansız idi. Onun ölümünə hələ də inana bilmirəm. Yazıçılar Birliyinə onun işığına gedirdim, deyirlər, o işıq sönüb. Bilmirəm, ora gedəndə o işığı bir də görə biləcəm, ya yox. Amma deyirəm, Fikrət Qoca, səndən bir də olmayacaq . Vəsf etdiyin durnaların səfinə qoşulub, qatarlanıb uzaq diyara getdin. Özün demişkən, ulduza çevrildin. Ulduzlar da hər axşam səndən danışır. Əziz dostum, yerin hər zaman görünür”.
Cəvahir
www.yenicag.az