!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ölümünü qabaqcadan hiss edən Xalq artistinin dostuna SON SÖZÜ - FOTOLAR

!Reklam – Yazi

O zaman Kino İttifaqı Hökumət Evinin ikinci mərtəbəsində yerləşirdi. Müsahibə almaq məqsədi ilə tez-tez onun yanına gedirdim. Hətta əhval-ruhiyyəsi olmasa belə məni qırmazdı. Nəzakətlə suallarımı cavablandırardı. Müsahibədən sonra isə arxiv fotolarını masanın üstünə tökər və bir-bir o fotoların tarixçəsini nəql edərdi.

Uşaqlıqdan filmlərini sevə-sevə ekrandan izlədiyim, sonradan peşə fəaliyyətimlə bağlı dostlaşdığım görkəmli rejissor xalq artisti Rasim Ocaqovdan danışıram. Onu yada salmağım da təsadüfü deyil. Milli kinomuza “Tütək səsi”, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” kimi filmlər bəxş edən, XX əsrin ən böyük rejissoru kimi dəyərləndirilən Rasim Ocaqovun bu gün xatirə günüdür.

Ürəyi kino ilə döyünürdü. O ürək ki, son vaxtlar ona əl vermirdi, şıltaqlıq edirdi. Müalicə olunsa da, xəstəxanadan evə yox, həmişə ona doğma olan iş yerinə gələrdi. Yeni film çəkmək arzusu ilə yaşayırdı. Son müsahibələrinin birində mənə əlində yeni bir filmin ssenarisi olduğunu demişdi. Amma hələ götür-qoy edirdi.

Ocaqov sənət dostlarının da dediyi kimi, bir işi yüz ölçüb-biçməmiş işə başlamazdı. Amma bu iş nədənsə bir qədər uzanırdı. Bəlkə də hiss edirdi ki, bu filmin çəkilişinə başlayıb, sona çatdırmaya bilər. Ona görə qərar verə bilmirdi. Ocaqov sevib-seçdiyi kinoya sadiq olduğu kimi, aktyorlarına da çox sədaqətli idi. Tanyıyanlar gözəl bilir, Ocaqovun sevimli aktyor və aktrisaları var idi. Fəxrəddin Manafov, Hacı İsmayılov və başqaları. Onların adını çəkməyə heç ehtiyac da yoxdur, çünki çəkdiyi hər filmdə sevimli aktyorları mütləq şəkildə rol alırdı.

Xəstə olmasına baxmayaraq, xəstəliyini də ayaqüstə keçirirdi. Elə buna görə də ölüm xəbəri gözlənilməz və qəfil oldu. 2 avqust kino gününə sayılı günlər qalmış, görkəmli rejissorun dünyasını dəyişməsi xəbərini aldıq.

Son mənzilə gedən yolun yolçusu olacağını isə bir neçə gün öncədən hiss etmişdi. Hətta bu barədə yay istirahətinə hazırlaşan yaxın dostu Rasim Balayevi də xəbərdar etmişdi: “Rasim, heç yerə getmə, bəlkə dünyadan getdim”. Dostlarına, sevənlərinə, canı qədər bağlı olduğu kinomuza sadiq olan, dediyi sözün hər zaman arxasında duran Ocaqov bu dəfə də sözünün ağası oldu. Bu dünyadakı dostları ilə sağollaşıb, o biri dünyadakı dostlarının yanına tələsdi. Amma bu dünyada qazandığı sərvəti – milli kinomuzun misilsiz incilərini də elə bu dünyada qoyub getdi…

Cəvahir

www.yenicag.az

948
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv