Ömrü kirayələrdə “ÇÜRÜYƏN” MƏŞHUR: Hamını güldürsə də, ürəyi qan ağladı
“Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç… Fərqi yoxdur, istər baş, istərsə də epizodik rolların mahir ifaçısı idi. Koloritli aktyor idi, elə buna görə də yaratdığı obrazların hər biri koloriti və səmimiyyəti ilə seçilirdi.
Mərhum aktyor Novruz Qartalı təsadüfən xatırlamadıq. Bu gün onun xatirə günüdür.
Həyatı o qədər də hamar olmadı, tale hər zaman üzünə gülmədi, “şahlıq quşu” bir dəfə də olsun başına qonmadı aktyorun. Yeganə təsəllisi sənətdə qazandığı uğurlar və tamaşaçı alqışları idi. Amma bu alqışlar nə özünün, nə də ailəsinin “qarnını doyurmadı”. Ömrü boyu əziyyətlər içərisində çapaladı, kirayələrdə can çürütdü. Bəli, çürütdü. Çünki yaşadığı ağır sıxıntılar, maddi məhrumiyyətlər Novruz Qartalı həm fiziki, həm də mənəvi cəhətdən məhv etdi.
Ömrünün son illərində, demək olar ki, səhnədən uzaq düşdü. Daha sonra xəstəlik onu yaxaladı. Amansız “xərçəng” onu yatağa salıb, qısa müddətdə həyatına son qoydu.
Amma son nəfəsinə qədər hansı xəstəliklə mübarizə apardığını bilmədi. Ailəsi bunu ondan gizlətdi. Gizlətdi ki, heç olmasa bir neçə ay da olsa, onun ömrünü uzada bilsinlər.
Bu gün onun işıqlı xatirəsini ehtiramla yad edirik. Xatırlayanda canlandırdığı obrazlar gözümüz önündə durur, çöhrəmizə təbəssüm qonur. Hər zaman da belə olacaq, Novruz Qartal xatirələrimizdə yaşayacaq. Axı xatırlandıqca yaşayır aktyorlar…
Cəvahir












