Nyu-Yorkda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov BMT-nin qərargahında keçirilən Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında çıxış edib.
Milli Məclisdən verilən məlumata görə, O. Əsədov Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən keçən dövr ərzində qazanılmış uğurlar və demokratik inkişaf barədə söhbət açıb.
Konfransının Bəyannamə layihəsində parlamentlərarası əməkdaşlığın problemləri və vəzifələri, müharibələrin və münaqişələrin qarşısının alınmasına yönəlmiş səylər, terrorizmə, mütəşəkkil cinayətkarlığa, insan alverinə, narkotik maddələr alverinə qarşı mübarizə, habelə gender bərabərliyinin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılması məsələlərinin göstərildiyini qeyd edən O. Əsədov təəssüflə vurğulayıb ki, təcavüzkar etnik separatizm problemi sənədə daxil edilməyib. O bildirib ki, təcavüzkar etnik separatizm təkcə ayrı-ayrı regionlar üçün deyil, bütün planetdə sülhə və təhlükəsizliyə təhdid mənbəyidir.
MM sədri Azərbaycanın məhz təcavüzkar separatizmin qurbanı olduğunu diqqətə çatdırıb: “İyirmi ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Hərbi işğalın gedişində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda aparılmış etnik təmizləmə nəticəsində minlərlə dinc sakin həlak olub. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə dünya birliyi adından Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib”.
O. Əsədov dünya birliyini beynəlxalq hüququn pozulması faktlarının pislənməsində həmrəy olmağa və bu istiqamətdə qəti addımlar atmağa çağırıb. O, çıxışının sonunda Bəyannamədə göstərilən məsələlərin həlli üçün Azərbaycan parlamentinin digər ölkələrin parlamentləri ilə əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib(APA).
www.yenicag.az