Özəl pensiya fondlarının verdiyi ÜSTÜNLÜKLƏR - İQTİSADİ İZAH
“Özəl pensiya fondlarının əsas üstünlüyü onun könüllü əsasda həyata keçirilməsidir”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun digər müsbət cəhətlərindən biri də vətəndaş üçün əlavə seçim imkanı yaradılmasıdır:
“İnsanlar icbaridə olduğu kimi, özəl pensiya fondlarında da iştirak edə bilərlər. Bu da gələcəkdə pensiya təminatının daha yaxşı olmasına gətirib çıxaracaq. Lakin vətəndaşlar birmənalı şəkildə başa düşməlidirlər ki, bu, onların maaşından tutulmalar hesabına olacaq. Özəl pensiya fondlarından yararlanmaq üçün qanunvericilikdə nəzərdə tutulacaq miqdarda ödəniş etməlisiniz. Nəticədə, pensiyanız yüksək olacaq. Həmçinin burada vərəsilik imkanları da mövcuddur. Fondun menecerləri, ödənilən vəsaiti düzgün idarə edib investisiyalara yatırarsa, bu da vətəndaşların gəlirinin artırılmasına səbəb olacaq. Digər müsbət cəhət isə uzunmüddətli maliyyə mənbələrinin formalaşmasıdır. Kapitalın inkişafı, maliyyə resurslarının formalaşması üçün də əhəmiyyətlidir”.
Ekspert bəzi sahibkarların vergidən yayınmaq üçün işçinin maaşının yalnız kiçik hissəsini rəsmiləşdirməsinə də münasibət bildirib:
“Bu yalnız pensiya məsələsi üçün deyil, ümumilikdə ölkə üçün ciddi problemdir. Şəffaflıq təmin olunmalıdır. Vətəndaş bilməlidir ki, əmək haqqı tam rəsmiləşdirilmədikdə, bu yalnız onun pensiya məsələsində deyil, digər xidmətlərdə də problemlər yaradacaq. Həmçinin icbari pensiya fondunda da az vəsait toplanacaq. Mütləq şəkildə şəffaflaşdırılma aparılmalıdır. Hökumət bu problemi aradan qaldırmaq üçün müəyyən addımlar atır və stimullaşdırıcı tədbirlər həyata keçirir”.
Qeyd edək ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı qanun layihəsi hazırlanır. Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Yəni bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsinin gələn il yaz sessiyasında parlamentə daxil olacağını bildirib.
Məlik Məlikov













