“Özünü dietoloq kimi təqdim edən şəxslərin hamısı peşəkar deyil” – Adil Qeybulla

media-hightechnic-468x90

Sosial şəbəkələrdə və müxtəlif satış platformalarında arıqlamağa kömək etdiyi iddia olunan çay, kofe və digər vasitələrin reklamı geniş yayılıb. Mütəxəssislər isə xəbərdarlıq edir ki, kökəlmənin əsas səbəbi araşdırılmadan istifadə olunan bu cür vasitələr sağlamlıq üçün ciddi risklər yarada bilər.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, çəki artıqlığı ilə bağlı bütün tibbi prosedurlar yalnız ixtisaslı və peşəkar dietoloqlar tərəfindən aparılmalıdır:

“Çəki artıqlığı ilə bağlı bütün tibbi prosedurlar ixtisaslı, peşəkar dietoloqlar tərəfindən aparılmalıdır. Hazırda ölkəmizdə belə mütəxəssislərin sayı tədricən artır. Onlar ilk növbədə artıq çəkinin səbəbini araşdırırlar. Bu vəziyyət hormonal disbalans, hərəkətsizlik, həddindən artıq qida qəbulu, insulin müqaviməti və ya digər amillərlə bağlı ola bilər”.

Professor vurğulayıb ki, arıqlamağın kök səbəbini müəyyən etmədən müxtəlif vasitələrə müraciət etmək yanlışdır:

“İnsanların çoxu reklam olunan arıqladıcı çayları, kofeləri və digər vasitələri alıb istifadə edirlər. Halbuki onların bəzən xeyrindən çox ziyanı olur. Əsas problem ondadır ki, arıqlamanın səbəbi bəlli deyil. Səbəbi araşdırılmadan bu cür maddələrin qəbul edilməsi qətiyyən tövsiyə olunmur”.

Adil Qeybullaya görə, hətta bu vasitələrin tərkibi təbii olsa belə, onların istifadəsi yalnız peşəkar həkimin təyinatı ilə mümkün olmalıdır:

“Hətta vasitələrin tərkibi normal görünsə belə, onların istifadəsi mütləq peşəkar dietoloq tərəfindən tənzimlənməlidir. Təəssüf ki, hazırda özünü dietoloq kimi təqdim edən şəxslərin hamısı peşəkar deyil. Peşəkar dietoloq dedikdə, bu sahə üzrə rezidentura keçmiş və ixtisaslaşmış həkimlər nəzərdə tutulur”.

Professor sonda hər kəsə arıqlamaq və maddələr mübadiləsini tənzimləmək üçün yalnız rəsmi ixtisaslı mütəxəssislərə müraciət etməyi tövsiyə edib.

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05