Partlayış olan binanın sakinlərinə kirayə pulu veriləcək
Bakının Nizami rayonunda Əli Vəliyev küçəsində partlayış nəticəsində qəzalı vəziyyətə düşən binada 15 mənzilin sakininə müvəqqəti kirayə pulu veriləcək.
Yenicag.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakının Nizami rayonunda Əli Vəliyev küçəsində yerləşən binada ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış baş verib: “Hadisə beşmərtəbəli binanın sonuncu mərtəbəsində birotaqlı mənzildə baş verib. Hadisə nəticəsində ağır xəsarət alan və həyatını itirən olmayıb, lakin binanın birinci girişinin dörd və beşinci mərtəbələri qəzalı vəziyyətə düşüb. Orada xilasetmə işləri aparılıb, əhali təxliyə edilib, bina nəzarətə götürülərək bütün kommunikasiya xətləri kəsilib. Müəyyən olunub ki, birinci girişin dörd və beşinci mərtəbələri tam qəzalı vəziyyətə düşüb. Həmin mərtəbələr sökülüb yenidən bərpa ediləcək. Yaxın müddətdə hökumət bununla bağlı müvafiq qərar qəbul edəcək. Layihə, smeta sənədləri hazırlanacaq, binanın bərpa işlərinə başlanılacaq. Binanın bərpası müddətində birinci girişdə yaşayan 15 mənzilin sakinlərinin müvəqqəti yaşayışı üçün kirayə haqları ödəniləcək. Çalışacayıq ki, bu işləri qısa müddətdə başa çatdıraq və sakinləri öz evlərinə qaytaraq”.
Xatırladaq ki, bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.