Paşinyan balans oyununda: ABŞ, Rusiya və İran arasında TƏHLÜKƏLİ RƏQS

media-hightechnic-468x90

“Paşinyan bu vəziyyətdən faydalanmağa, müxtəlif qütblər arasında balans siyasəti yürüdərək mövcud siyasi mövqeyini qorumağa çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.

O, son günlər Zəngəzur dəhlizi məsələsindəki aktivliyin mümkün nəticələrini şərh edib.

Politoloq bildirib ki, Rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı atdığı addımlar manipulyasiya xarakteri daşıyır və müəyyən siyasi məqsədlərə xidmət edir:

“Ermənistan Azərbaycan və Türkiyə ilə aparılan danışıqlarda tərəflərin dəhliz məsələsi ilə bağlı irəli sürdükləri tələblər qarşılığında guya müəyyən güzəştlərə gedə biləcəyi barədə yanlış illüziyalar formalaşdırmağa çalışır. Bu isə İrəvanın müəyyən güc mərkəzlərindən gələn təzyiqlərin azaldılmasına yönəlmiş taktiki addımı kimi qiymətləndirilə bilər. Eyni zamanda Ermənistan ABŞ administrasiyasının dəhliz üzərində nəzarətin ABŞ-yə məxsus özəl şirkətə verilməsi təklifinə etiraz edib. Halbuki Ermənistan Qərbə inteqrasiya, eləcə də Rusiya ilə qarşıdurma fonunda ABŞ-nin dəstəyinə ehtiyac duyur. Bu vəziyyət Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi mövqeyinin mahiyyətini bir daha ortaya qoyur. Belə ki, o, Tramp administrasiyası ilə deyil, onun sələfi Bayden, qlobalist dairələr, o cümlədən milyarder və filantrop Corc Sorosla bağlı çevrələrlə əlaqələndirilən fiqurdur. Paşinyan həmin dairələr qarşısında öhdəliklər götürmüş və onların dəstəyi ilə hakimiyyətə gətirilmişdir”.

Müsahibimiz əmindir ki, buna baxmayaraq, Paşinyan hazırkı reallıqlar fonunda Tramp administrasiyası ilə də paralel oyunlar oynamağa çalışır:

“O, ABŞ-nin irəli sürdüyü təkliflərin guya Ermənistanın Konstitusiyasına zidd olduğunu bildirərək Ağ Evi də narazı salmamağa çalışır. Bildirilir ki, həmin təkliflər Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirə bilər. Digər tərəfdən, Rusiyanı narazı salmamaq üçün də Paşinyan son günlərdə Altay bölgəsində keçirilən ekoloji tədbirdə iştirak edib. Halbuki bir müddət əvvəl Ermənistan Rusiyanın maraq dairəsində olan bir sıra regional və subregional təşkilatların fəaliyyətində iştirakdan imtina etmişdi. Bununla belə, Paşinyan son çıxışlarında ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığını davam etdirəcəyini və onu daha da dərinləşdirəcəyini bəyan edib. Bu geosiyasi manevrlər Ermənistan tərəfindən elə bir vaxta təsadüf edir ki, Azərbaycan və Rusiya arasında münasibətlərdə gərginlik yarana biləcək situasiyalar meydana çıxıb. Bu isə Ermənistanın yaranmış vəziyyətdən istifadə etməyə və müəyyən geosiyasi dividendlər qazanmağa çalışa biləcəyini göstərir”.

E. Manafov əlavə edib ki, Ermənistan müxalifəti və kilsə strukturlarının Paşinyanı Azərbaycanla danışıqlarda təslimçi və ya güzəştli mövqe nümayiş etdirməkdə ittiham etdiyi bir şəraitdə, seçkilər öncəsi daxili təzyiqlərdən sığortalanmaq üçün də manipulyativ gedişlər müşahidə olunur:

“Seçkilər ərəfəsində iqtidara müxalif olan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan və Erməni Apostol Kilsəsinin bəzi nümayəndələrinin həbsi daxildə “tufanqabağı sakitlik” təəssüratı yaradır. Lakin bu, bəlli geosiyasi mərkəzlər tərəfindən təzyiqlərin artacağı halda Paşinyan hakimiyyəti üçün ciddi problemlər vəd edə bilər. Bütün bunları nəzərə alaraq, Paşinyanın mövcud situasiyadan vaxt udmaq, tərəflər arasında qarşılıqlı ittihamların fonunda geosiyasi mövqeyini qorumaq və daxili auditoriyaya yönəlik təzyiqləri azaltmaq məqsədilə manipulyasiya xarakterli addımlar atması ehtimalı güclənir. ABŞ tərəfindən irəli sürülən təkliflər fonunda İranın regionda, o cümlədən sərhədlərinə yaxın ərazilərdə ABŞ-nin mövqelərinin güclənməsinə qarşı sərt mövqe nümayiş etdirməsi deyilənlərin əyani sübutudur. Paşinyan da bu vəziyyətdən faydalanmağa, müxtəlif qütblər arasında balans siyasəti yürüdərək mövcud siyasi mövqeyini qorumağa çalışır”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600