Paşinyan Gümrüdəki məğlubiyyətini belə KOMPENSASİYA EDİR – Partiya daxilində İKİTİRƏLİLİK
Gümrüdəki məğlubiyyətə baxmayaraq, Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasında (VMP) aparılan analizlərin nəticəsində belə qənaətə gəlinib ki, əvvəlki seçkilərlə müqayisədə təxminən 10 min daha çox səs topladıqları üçün nəticə o qədər də pis deyil.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, özlərini təskin edən VMP üzvləri unudurlar ki, 2021-ci il və 2025-ci il seçkiləri arasında ciddi fərq var:
“Bu illər ərzində VMP-nin reytinqi əhəmiyyətli dərəcədə azalıb, ictimai narazılıq isə artıb. Gümrüdə toplanan 36 faiz səs də, əslində, partiyanın deyil, daha çox onların namizədi Sarik Minasyana verilmiş səslərdir. Əgər partiyanın köhnə üzvlərindən biri namizəd olsaydı, bu nəticəni də əldə edə bilməzdilər.
Görünür, bunu partiya rəhbərliyi də anlayır. Buna görə də vəzifəsindən uzaqlaşdırılmış və siyasi bioqrafiyası VMP ilə bağlı olan Sarik Minasyanı işsiz qoymamaq qərarına gəliblər və ona ciddi bir vəzifə verməyi planlaşdırırlar. Mətbuatda onun vilayət rəisi (marzpet – red.) təyin oluna biləcəyi barədə məlumatlar dolaşır. Bu addım həm də qarşıdan gələn ümummilli seçkilər ərəfəsində VMP-nin xeyrinə işləyə biləcəyi və partiyanın təkcə Gümrüdə deyil, ümumilikdə Şirak (Şörəyel – red.) vilayətində də səs toplayacağı ümidi ilə atılır”.
Rafi Müslümov