Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrü və Parakarda (Şirabad) keçiriləcək növbədənkənar seçkilərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının (VMP) qələbəsini təmin etmək üçün gecə-gündüz çalışır.
Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” məlumat yayıb.
Qəzet yazır ki, Paşinyan bu seçkilərlə bağlı bütün detallarla şəxsən maraqlanır və həmin bölgələrin qubernatorları ilə mütəmadi əlaqə saxlayır. Qubernatorlar isə mütəmadi olaraq əhali arasındakı vəziyyəti, seçicilərin tələblərini və gözləntilərini ona məruzə edirlər.
Nəşr əlavə edib ki, bu səbəbdən, VMP rəhbərliyi, demək olar ki, hər gün fövqəladə iclaslar keçirir. Toplantılarda Gümrü və Parakardakı seçki siyahıları ilə yanaşı, qarşıda duran vəzifələr də müzakirə olunur. Məlumata görə, Paşinyan bütün məsələləri şəxsən nəzarətə götürüb.
Hakim partiyanın rəhbərliyi və bölgə strukturları isə Baş nazirə əminliklə bildiriblər ki, hər şey nəzarət altındadır və müxalifətin qələbə şansı yoxdur.
“Hraparak” isə bildirir ki, VMP martın 30-da Gümrüdə keçiriləcək seçkilərdə qalib gəlmək üçün tam səfərbər olub. Partiya üzvlərinə qəti xəbərdarlıq edilib ki, əgər onların namizədi Sariq Minasiyan məğlub olsa, məsuliyyəti təkcə o yox, bütün VMP strukturları daşıyacaq.
Məlumata görə, VMP-nin Gümrüdəki yerli təşkilatında ciddi daxili çəkişmələr yaşanır. Şəhərdə partiyanın əsas fiqurlarından olan Karen Saruxanyan və Sariq Minasiyan, demək olar ki, bir-biri ilə ünsiyyət saxlamır. Bundan əlavə, partiya daxilində bir qrup üzv Baş nazirin həyat yoldaşı Anna Akopyanın qohumu Vahaqn Mkrtçyana qarşı açıq narazılıq ifadə edir. Mkrtçyan isə faktiki olaraq Sariq Minasiyanın alternativi kimi görülür.
KİV əlavə edib ki, bütün bu daxili gərginliyə baxmayaraq, Nikol Paşinyan seçkilərin uğursuzluğa düçar olmaması üçün bütün addımları şəxsən nəzarətə götürüb.
Rafi Müslümov
www.yenicag.az