Ermənistanın hakimiyyət dairələri hüquq-mühafizə orqanlarına göstəriş verib ki, məhkəmə sistemini tənqid etməyə cəsarət edən hər bir müxalifətçi və ya təşkilat sərt şəkildə cəzalandırılsın.
Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb.
Məlumata görə, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanları ilə bağlı tənqidi ifadələrin, çıxışların və müsahibələrin cəzasız qalmaması tələb olunub. Belə fikirlər səsləndirənlərə qarşı cinayət məsuliyyəti tətbiq ediləcəyi bildirilib.
Qəzet yazır ki, bu prosesin başlanmasına Konstitusiya Məhkəməsinin keçmiş hakimi Vahe Qriqoryanın Baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyana ünvanladığı şikayət səbəb olub:
“Qriqoryan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) getdiyini və onun adı ətrafında neqativ assosiasiyaların yarandığını qeyd edərək, bunun qarşısının alınması üçün addımlar atılmasını tələb edib. O, xüsusilə müxalif fəal Edqar Qazaryanın ona qarşı səsləndirdiyi tənqidləri vurğulayıb. Qazaryan açıq şəkildə bəyan edib ki, Vahe Qriqoryan qanunsuz olaraq Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə gətirilib. Həmçinin Qazaryan iddia edib ki, Konstitusiya Məhkəməsi müstəqillik bəyannaməsini ləğv etmək hüququna malik olmadığı halda belə bir addım atıb və bu qərarı qəbul edən hakimlər ya savadsız, ya da xəyanətkardır”.
Nəşr əlavə edib ki, məhz bu şikayətdən sonra hüquq-mühafizə orqanları sürətlə hərəkətə keçərək Edqar Qazaryan barəsində hüquqi proseslər başladıb:
“Baş nazir Paşinyan Qazaryan nümunəsi ilə ictimaiyyətə açıq mesaj vermək istəyir ki, məhkəmə hakimiyyətinin təmsilçilərini tənqid edən hər kəs eyni aqibəti yaşayacaq. Hakimiyyətin göstərişi ilə artıq bütün müxalif qüvvələrin çıxışları araşdırılır. Məhkəmə və hüquq-mühafizə orqanlarını tənqid edən hər kəsin cəzalandırılacağı bildirilir. Beləliklə, Paşinyan siyasi tənqidi hədəf alan yeni təqib dalğasına start verib və Edqar Qazaryanın işi tək qalmaq ehtimalı yoxdur”.
Rafi Müslümov
www.yenicag.az