Paşinyana AÇIQ ÇAĞIRIŞ: Karapetyan yeni güc mərkəzi QURUR
Ermənistanda tanınmış iş adamı Samvel Karapetyanın son çıxışı və cümə günü baş tutan genişmiqyaslı yürüş ölkənin siyasi gündəmini silkələyib.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Qəzetin yerli mənbələrinin məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında (VMP) bu vəziyyət narahatlıq doğurub. Hökumət düşərgəsi Karapetyanın ilk aksiya ilə bu qədər geniş kütlə toplayacağını gözləmirmiş.
Nəşrin məlumatına görə, Karapetyan yürüşün sonunda Ermənistanın Milli Təhlükəsizlik Xidməti qarşısında etdiyi çıxışda Baş nazir Nikol Paşinyan və onun komandası ilə bağlı sərt ifadələr işlədib:
“Nikol Paşinyan və onun hökumətinin Ermənistanda artıq heç bir işi yoxdur və xalqımızın gələcəyi ilə əlaqələri olmamalıdır”.
O, həmçinin, ölkənin dirçəlişi və müdafiəsi naminə mübarizəyə hazır olduğunu, bunun üçün isə “prinsipial olaraq yeni bir güc ətrafında birləşmək və vahid yumruq halına gəlmək zamanının çatdığını” vurğulayıb.
Yerli mənbələr iddia edir ki, Karapetyanın komandasında artıq yeni bir siyasi qüvvənin yaradılması istiqamətində işlər başlayıb. Bununla yanaşı, onun media sektoru üçün də ayrıca platforma yaratmaq niyyətində olduğu qeyd edilir. Cümə günkü yürüş zamanı hakimiyyətin mitinqə provokatorlar göndərdiyi, onların insanlar arasında pulla mitinqə gətirilmə kimi şayiələr yaydığı iddia edilir. Jurnalistlərin çəkiliş aparmağa çalışdığı anda həmin şəxslərin ərazidən tələsik uzaqlaşdığı bildirilib.
Rafi Müslümov