Ermənistanın Baş naziri Nikol Paşinyan son görüşlərdə “Vətəndaş Müqaviləsi” (VM) üzvlərini o qədər sərt şəkildə xəbərdar edib ki, həftəsonu ilk “birlik” fotosu Sünikdən (Qərbi Zəngəzur – red.) yayımlandı. Həmin fotoda qubernator Robert Qukasyanın rəhbərliyi ilə bir-birinə qarşı amansız rəqabətdə olan və bir-birini qəbul etməyən partiya üzvləri yanaşı dayanmışdılar.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşrinin iddiasına görə, Paşinyan tapşırıb ki, onlar həmrəy və komanda şəklində işləsinlər, bir-birinin ayağını qazmasınlar və bir-birlərinə qarşı material sifariş etməsinlər.
Qəzetin məlumatına görə, regional şuranın növbəti iclası zamanı həmin birgə fotonu sosial şəbəkələrdə paylaşan süniklilər “rəisə” (Paşinayn nəzərdə tutulur – red.) onun dediklərinə əməl etdiklərini göstərməyə çalışdılar, lakin iştirakçılardan biri fotonu göstərərək qeyd edib ki, hamı bir-birinə nifrət edir və zahirən yanaşı dayanmaq heç nə ifadə etmir.
Məlumatlara görə, iclasda Sünikdə birlikdə fəaliyyət göstərməyin, bir-birinə zidd hərəkət etməməyin vacibliyi bir daha müzakirə olunub. Lakin bunun nə qədər mümkün olacağı sual altındadır. Hətta toplantıya Mehri şəhərində seçilməmiş VM namizədi Ararat Tumanyan da qatılıb. O, qubernatora nifrət edir və hətta onun əleyhinə paylaşım edib, sonra isə silib. Tumanyana “Partiyadaş rəqiblərinizlə barışmağa hazırsınızmı” sualı verildikdə, o, cavab vermək əvəzinə, jurnalistlə danışdığına əmin olmadığını təkrarlayıb.
Rafi Müslümov
www.yenicag.az