Ötən həftə Ermənistanın baş naziri seçilən Nikol Paşinyanın xarici siyasətdə Qərbə, yoxsa Rusiyaya doğru meyllənəcəyi məsələsi ətrafında fərqli fikirlər səsləndirilir.
Ermənistanda Qərbin və erməni diasporasının dəstəklədiyi etiraz dalğasında hakimiyyətə gələn Paşinyanın ölkəsini Rusiyanın təsir dairəsindən çıxarmağa çalışacağına dair iddialar üstünlük təşkil edir. Lakin bu yanaşmanın əksinə olan fikirlər də irəli sürülür və onların təsdiqi üçün müəyyən arqumentlər göstərilir.
İrəvanın Moskvaya arxa çevirəcəyini istisna edən əsas arqument kimi isə Ermənistanın Rusiyadan mütləq asılılığı önə çəkilir. Bildirilir ki, Paşinyanın qərbyönümlü siyasəti Ermənistanı Kremlin dəstəyindən məhrum edə, bununla da onun mövcudluğunu sual altına sala bilər.
Maraqlıdır ki, Paşinyanın özü ötənn gün “Rossiya 24” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərin dəyişməz qalacağını bəyan edib. Lakin Ermənistan baş nazirinin bu bəyanatının sadəcə, söz yığını olduğunu düşünənlər də var.
Hesab edilir ki, Paşinyanın hakimiyyətə gəlişini stimullaşdıran Qərb dairələri və erməni diasporası onun Rusiyanın marionetinə çevrilməsi ilə razılaşmayacaqlar. Bu isə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün Qərbin Ermənistanda yeni etiraz dalğasını başladacağı anlamına gəlir.
Maraqlıdır ki, Paşinyanın hakimiyyətə gəlişi və onun mümkün aqibəti bəzən Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin (1992-93) siyasi taleyi ilə də müqayisə olunur. İddia edilir ki, Paşinyan sadəcə, ənənəvi siyasətçilərdən birinin hakimiyyətə aparan yolunda “tramplin”dən başqa bir şey deyil.
Paşinyanın xarici siyasət istiqamətlərini Yenicag.az-a şərh edən Qafar Çaxmaqlı bildirib ki, Ermənistanın yeni baş naziri yürüdəcəyi siyasətdən asılı olmayaraq, hakimiyyətdə uzun müddət davam gətirməyəcək:
“Paşinyan etiraz dalğasını davamında və baş nazir olandan sonra da Rusiyanın əleyhinə heç bir bəyanat verməyib. Rusiya ilə siyasətin bundan sonra da strateji ortaqlıq çərçicəsində davam etdirilməsi Ermənistan üçün qaçılmazdır. Amma Paşinyan “Rusiya proyekti” olmadığından, onun bu yüksəlişi Moskva üçün narahatlıq doğurur.
Əgər hansısa mərhələdə Paşinyan Rusiyanın deyil, Qərbin maraqlarının ifadəçisinə çevrilərsə, o zaman Kreml tərəfindən cəzalandırılacaq. Bu cəza nədən ibarət ola bilər? Məsələn, cəbhə xəttində müəyyən gərginlik yaradılavə onun nəticəsində Paşinyan hakimiyyətdən uzaqlaşdırıla bilər.
Mən belə hesab etmirəm ki, Rusiya Qarabağ məsələsində Azərbaycanın mövqeyindən çıxış edərək Ermənistanı cəzalandırmağa qalxacaq. Ancaq nəzərə alaq ki, burada əsas faktor Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişatı olacaq.
Paşinyana münasibətdə Qərbin hələ aktiv mövqe bildirməməsi göstərir ki, etiraz dalğası ilə hakimiyyəti ələ almış qüvvələrin bundan sonra atacaqları addımlar hələ izlənilir. Eyni zamanda, erməni diasporası da gözləmə mövqeyindədir. Bu baxımdan, Paşinyan meydanda verdiyi bəyanatları həyata keçirməyə qalxarsa, bununla öz sonunu yaxınlaşdıracaq.
Digər tərəfdən, Paşinyan Qarabağ danışıqlarında separatçı rejimin iştirakını təkid etsə də, bu, mümkün deyil. Ermənistanın yeni baş naziri hələ anlamır ki, beynəlxalq səviyyədə qəbul edilmiş danışıqlar formatının dəyişdirilməsi imkan xaricindədir.
Əgər Paşinyan bəyan etdiyi kimi, qondarma “DQR”-ın tanınması məsələsində israr etsə, bu da Ermənistan hakimiyyətini siyasi iflas həddinə gətirib çıxaracaq. Fikrimcə, İrəvanın bu məsələni qaldırması bizim mövqelərimizi güçləndirəcək”.
Qafar Çaxmaqlı hesab edir ki, Ermənistanın yeni baş naziri Paşinyanla Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəylə müqayisə olunması yersizdir:
“Paşinyan və Elçibəy hakimiyyətlərini müqayisə etmək absurddur. Əvvəla, onların hakimiyyət dövrləri fərqlidir, həm də “oyun qaydaları” tamamilə başqadır.
Bu fikirdəyəm ki, Paşinyanın hakimiyyəti müvəqqəti xarakter daşıyır. Çünki sosial-iqtisadi tələbləri qabardaraq baş nazir olmuş birisinin Ermənistanın indiki təcrid durumunda hər hansı uğur qazanması inandırıcı deyil.
Ermənistanın böhrandan çıxması birbaşa Azərbaycan və Türkiyədən asılıdır. Paşinyanın timsalında Ermənistan hakimiyyətinin irqçi düşüncəsi dəyişməyənə qədər, bu gedişat onun iflasını daha da tezləşdirəcək. Əlbəttə, bunda xarici faktorlar rol oynayacaq”.
A.Zeynalov
www.yenicag.az