“Ermənistan üçün vacib qurum olan Diaspor Komissarlığında bu qədər “təmizləmə” aparırsa, bu, uğursuzluğun etirafıdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl işğalçı ölkənin Diasporla İş üzrə Komissarlığının 10-dan artıq məsul şəxsini vəzifədən azad etməsinin səbəbləri haqda danışan Xalq-Demokratik Partiyasının (AXDP) sədr Rafiq Turabxanoğlu deyib.
AXDP sədrinin sözlərinə görə, Paşinyanın belə bir radikal addım atması Azərbaycan diasporunun Ermənistanın işğalçı siyasətinə etiraz və ordumuza dəstək məqsədilə keçirdiyi çoxsaylı aksiyaların nəticəsidir:
“Mənim əvvəl diaspor barəsində fikirlərim fərqli idi. Hesab etmişəm ki, istər daxildə, istərsə də xaricdə dövlərin vahid siyasəti, addımları olmalıdır. Amma bilirsiniz ki, bu gün diaspor anlayışı çox yayılıb. Müxtəlif ölkələrdəki diasporlar imkanlarından asılı olaraq, öz ölkələri və xalqları üçün çox böyük işlər görə bilərlər.
Siz də gördünüz, Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatdan sonra həm daxildə çox ciddi hərəkətlilik oldu, həm də xaricdəki soydaşlarımız öz fəallıqlarını xeyli artırdılar. Yəni diasporumuzun mövcud olduğu bütün ölkələrdə soydaşlarımız haqq səsimizi ucaltdılar. Bu aksiyalar beynəlxalq ictimai rəyə təsirsiz ötüşmədi.
Ermənistan da gördü ki, indiyə kimi ciddiyə almadığı Azərbaycan diaporu necə təşkilatlanıb və nə səviyyədə aksiya keçirir. Hamımız bilirik ki, erməni diasporu dünyanın ən güclü diasporlarından biri kimi tanınır. Amma indi onlar da gördülər ki, Azərbaycan diasporunun qarşısında dayanmaq çətin olacaq. Ona görə də, Paşinyan diaspor qurumunda bu cür “təmizliyə” əl atmalı oldu.
Amma belə hesab edirəm ki, Ermənistanın heç bir addımı Azərbaycan diasporunun daha da güclənməsinə mane ola bilməyəcək”.
Aqil Bəkir
www.yenicag.az