!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR?

!Reklam – Yazi

 

“Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra aparılan danışıqlar prosesində daim Ermənistan siyasi rəhbərliyinin bu cür qeyri-konstruktiv və təxribatçı oyunbazlıqlarının açıq-aşkar şahidiyik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Siyasi təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın “strateji saziş”lə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, erməni Baş nazir söyləyib ki, Azərbaycan və Ermənistan dinc yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi və digər razılaşmalar yox, həm də strateji saziş bağlamalıdır. Onun fikrincə, bu strateji saziş “real Ermənistan” konsepsiyasına əsaslanacaq.

S. Kərimli isə sözügedən məsəl ilə bağlı deyib ki, bu, Paşinyanın çoxdankı siyasətinin göstəricisidir:

“Yəni o, gecə yatıb, səhər durub yeni bir fikrə gəlir və mütəmadi olaraq müxtəlif ziddiyyətli bəyanatlar səsləndirir. Bu da konkret sülh müqaviləsindən yayınmaq cəhdləri kimi qiymətləndirilməlidir. Çünki Ermənistan, ilk növbədə, öz konstitusiyasına dəyişiklik etməməklə, faktiki olaraq, bu gün Azərbaycana qarşı ərazi iddialarındadır. Yəni, əgər Ermənistan bəyan edirsə ki, biz Azərbaycana qarşı ərazi iddiasında deyilik və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam tanıyırıq, bu zaman rəsmi olaraq bunu konstitusiyada dəyişiklik etməklə təsdiqləməlidir. Lakin Azərbaycan tərəfi haqlı və ədalətli tələblərini dəfələrlə bəyan etsə də, Ermənistana bu təklifləri versə də, Ermənistan bundan yayınır və faktiki olaraq, bu gün Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasında təsbit olunur”.

Onun sözlərinə görə, belə olduğu halda, hansısa ədalətli və dayanıqlı sülhdən danışmaq çox çətindir:

“Yəni Ermənistan bunu etmir, əvəzində isə bu cür həqiqətdən və reallıqdan uzaq olan təkliflər irəli sürür, cürbəcür ziddiyyətli bəyanatlar səsləndirir və bu da Ermənistanın Qərbin və Avropanın diktəsi altında siyasi kurs müəyyənləşdirdiyinin nümunəsidir. Yəni Qərb və Avropa dairələri Ermənistanı bu cür qeyri-konstruktiv mövqeyə sövq edərək, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına ciddi maneçilik törədirlər. Bunun da səbəbləri məlumdur, çünki Qərb, xüsusilə də Ermənistanın Avropadakı havadarları istəmirlər ki, Azərbaycanla Ermənistan arasında konkret sülh müqaviləsi imzalansın, dayanıqlı və uzunmüddətli sülh Cənubi Qafqazda təmin edilsin. Yəni bu prosesi onlar bloklayırlar və Ermənistan da bu cür reallıqdan uzaq olan cəfəng bəyanatlar səsləndirir”.

Analitik onu da əlavə edib ki, strateji sahədə müqavilə imzalanması elə sülh müqaviləsində təsbit olunacaq amillərdən biridir:

“Çünki, əgər sülh müqaviləsi imzalanacaqsa, – təbii ki, Azərbaycanın istəkləri və haqlı tələbləri çərçivəsində – bu zaman, Ermənistan Paşinyanın təbirincə desək, “təhlükə”dən uzaq olacaqdır. Ona görə ki Azərbaycan dəfələrlə bəyan edib ki, biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq, amma Azərbaycanın ədalətli tələbləri qəbul edildiyi təqdirdə. Çünki Azərbaycan, ilk növbədə, Ermənistanın bu ərazi iddialarından əl çəkməsini və bölgədə nəqliyyat kommunikasiya dəhlizlərinin açılmasını istəyir. Buraya, xüsusilə də Zəngəzur dəhlizi aiddir. Çünki Zəngəzur dəhlizi hələ 2020-ci ilin 10 noyabr bəyannaməsində Ermənistanın üzərinə götürdüyü öhdəlikdir ki, bu dəhliz açılmalıdır”.

“Nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması dedikdə isə biz, ilk növbədə, həm də Zəngəzur dəhlizini nəzərdə tuturuq. Ona görə ki dəhlizin açılması bölgənin iqtisadi fəallığını daha da artıracaq və Ermənistan da bundan bəhrələnəcək. Amma təəssüf ki, bu gün Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək və Azərbaycanın tələblərini qəbul etmək əvəzinə, bu cür cəfəng və heç bir reallığı və həqiqəti əks etdirməyən iddialar və bəyanatlar səsləndirir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv