İŞİD yenidən “SƏHNƏ”DƏ – Ərəb jurnalist terror təşkilatının gizlinlərini “Yeni Çağ” a açıqladı
Suriya və İraqda nəzarət etdiyi əraziləri itirməsinə baxmayaraq, İŞİD terror təşkilatının bölgədə tamamilə zəifləmədiyi bildirilir.
Bu barədə Yenicag.az-a ərəb jurnalist Abdulhadi Amiri açıqlama verib.

Abdulhadi Amirinin sözlərinə görə, İŞİD hazırda hərbi gücdən daha çox ideoloji təsir vasitələrinə üstünlük verir: “İŞİD Suriya və İraqdakı düşərgələrdə saxlanılan qadınlardan ideoloji alət kimi istifadə etməyə çalışır. Onlar bu qadınlar vasitəsilə həm öz radikal ideologiyalarını qorumağa, həm də gələcək üçün yeni tərəfdar nəsli formalaşdırmağa cəhd göstərirlər”, – deyə jurnalist bildirib.
Onun qənaətincə, təşkilat təkcə Yaxın Şərqlə məhdudlaşmır:
“İŞİD-in Pakistan ərazisində də gizli şəkildə yenidən təşkilatlanma cəhdləri müşahidə olunur. Müxtəlif bölgələrdə ‘yuxuda olan hüceyrələr’in mövcudluğu barədə məlumatlar var və zəruri hesab olunduğu anda bu hüceyrələr aktivləşdirilə bilər”, – Amiri vurğulayıb.
Ərəb jurnalist bildirib ki, İraqın Mosul şəhərinin işğalı ilə adını dünyaya tanıdan İŞİD, sonradan Suriyada da geniş ərazilərə nəzarəti ələ keçirmişdi. Beynəlxalq koalisiya və regional ölkələrin əməliyyatları nəticəsində təşkilat ciddi itkilər versə də, təhlükə tam aradan qalxmayıb:
“İŞİD-in Suriya və İraqda nəzarət etdiyi torpaqları itirməsindən illər keçsə də, təşkilat ideoloji baza və gizli şəbəkələr vasitəsilə yenidən dirçəlmək üçün fürsət axtarır. Bu səbəbdən, beynəlxalq ictimaiyyət İŞİD təhlükəsini arxa plana atmaqla böyük səhvə yol verə bilər”, – Abdulhadi Amiri qeyd edib.
Camal Cavanşir












