Avqustun 27-dən etibarən 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün tələbə qəbulunun II mərhələsinə başlanılıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Yenicag.az-a bildirilib ki, II mərhələ üçün müraciətlər www.portal.edu.az platforması üzərindən elektron formada qəbul edilir. Boş qalan yerlərə sənəd qəbulu 3 sentyabr saat 18:00-dək davam edəcək. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.
Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçənlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
Xatırladaq ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi iyulun 29-dan avqustun 12-dək 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. Peşə məktəblərinə qəbul olan namizədlərdən 16298 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.
www.yenicag.az