Pezeşkianın İrəvan səfəri: Zəngəzur dəhlizi məsələsinə də aydınlıq gətiriləcək
“Pezeşkianın İrəvan səfəri zamanı bu məsələyə dövlət səviyyəsində aydınlıq gətiriləcək”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O, İran Prezidenti Məsud Pezeşkianın İrəvana planlaşdırılan səfərinin əsas səbəblərindən danışıb.
Deputat bildirib ki, 18-21 avqust tarixlərində İran Prezidenti Məsud Pezeşkianın Ermənistana rəsmi səfəri gözlənilir:
“Bu barədə müxtəlif media resurslarında məlumat yayılıb. İran və Ermənistan tarixən sıx siyasi və iqtisadi münasibətlərə malik müttəfiq ölkələr olublar. Lakin regionda dəyişən geosiyasi reallıqlar fonunda iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olacağı və müxtəlif mühüm məsələlərin müzakirə olunacağı ehtimal edilir”.
Onun sözlərinə görə, səfər çərçivəsində əsas müzakirə mövzularından biri, böyük ehtimalla, Vaşinqtonda dövlət başçılarının imzası ilə təsdiqlənmiş və reallığa çevrilməkdə olan Zəngəzur dəhlizinin açılması məsələsi olacaq:
“İran bu dəhlizin açılmasından ciddi narahatlıq keçirir və onun əleyhinə çıxış edir. Lakin indiki mərhələdə İranın bu məsələdə mövqeyinin həlledici olmayacağı görünür. Tehranın əsas marağı dəhliz açıldıqdan sonra Ermənistanla sərbəst nəqliyyat əlaqələrinin qorunub saxlanılmasıdır. İran tərəfi, həmçinin, Zəngəzur dəhlizinə paralel olaraq Ermənistan ərazisində inşa ediləcək alternativ yolun ABŞ şirkətləri tərəfindən nəzarətdə saxlanılacağından narahatdır. Güman edilir ki, Pezeşkianın İrəvan səfəri zamanı bu məsələyə dövlət səviyyəsində aydınlıq gətiriləcək”.
“Bundan əlavə, Ermənistan mediası İrəvanda sənaye, yol-tikintisi, kənd təsərrüfatı, logistika və mühəndislik sahələrini əhatə edən biznes forumun keçirilməsi barədə məlumat yayıb. Bu forum çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məqsədilə müzakirələrin aparılacağı gözlənilir. Ümumilikdə, Pezeşkianın Ermənistana səfəri İran-Ermənistan münasibətlərinin həm siyasi, həm də iqtisadi müstəvidə dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və səfər zamanı tərəflər arasında strateji xarakterli məsələlərin gündəmə gətiriləcəyi ehtimal olunur”, – deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli